Logo
news content
User
Kateqoriyalar

Xəbər

Litva Avropa İttifaqı ilə viza dialoqunda Bakını dəstəkləyir

Litva İlham Əliyevin Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq təşəbbüsünü dəstəkləyir. Bunu Litva prezidenti Gitanas Nauseda "X" hesabında yazıb.

O, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan prezidenti Əliyevlə görüşdüyünü bildirib: "Enerji sahəsində əməkdaşlığı genişləndirməyə qarşılıqlı maraq görürük. Litva hər iki tərəf üçün faydalı tərəfdaşlığa hazırdır. Prezident Əliyevi əmin etdim ki, onun viza rejiminin liberallaşdırılması üzrə Avropa İttifaqı–Azərbaycan dialoquna başlamaq təşəbbüsünü dəstəkləyirik".

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2013-cü il noyabrın 29-da məhz Litvanın paytaxtı Vilnüsdə imzalanıb və 2014-cü il sentyabrın 1-dən qüvvəyə minib. Bu sənəd viza rüsumunun azaldılmasını (35 avro) və bəzi kateqoriyalı vətəndaşlara (tələbələr, təqaüdçülər, jurnalistlər və s.) vizanın pulsuz verilməsini nəzərdə tutur.

Lakin Şengen zonasına tam vizasız gediş-gəliş demək olan viza liberallaşdırılması üzrə rəsmi dialoqa hələ start verilməyib. Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramındakı ölkələrdən Moldova (2014), Gürcüstan və Ukrayna (2017) artıq Aİ ilə vizasız rejimə keçiblər. Ermənistan isə bu istiqamətdə dialoqa 2024-cü ildə başlayıb.