Rusiya Brüssel görüşünü "Cənubi Qafqazın işlərinə müdaxilə" kimi qiymətləndirib
06 Aprel 2024
Rusiya Xarici İşlər Nazirliyi Brüssel görüşünü “regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi” adlandırıb.
“Biz 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrlə nəticələnə bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz artmasına səbəb olur”, Rusiya Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanatında qeyd edib.
Nazirlik hesab edir ki, “Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir”.
Ermənistan rəhbərliyini "yanlış yola" yönəlməməyə çağıran rəsmi Moskva iki ölkə arasındakı iri ticarət dövriyyəsinin əhəmiyyətini önə çəkib və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatları xatırladılıb.
Rusiya rəsmiləri hesab etdiklərini bildiriblər ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır.