
Rusiya baş nazirinin müavini: "Ermənistan iki stulda otura bilməyəcək"
28 Mart 2025
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq, iki stulda oturmaq mümkün olmayacaq, - Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanun layihəsini ikinci və son oxunuşda qəbul edib. Hazırda üzvlük üçün müraciət nəzərdə tutulmayıb. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, Aİ-yə qoşulma prosesinə başlamaq üçün ölkədə referendum keçirilməlidir.
"Qəbul edilən qanunun mətni ilə tanış oldum. O belədir - "yaxşı nə varsa, onun üçün", "pis nə varsa, ona qarşı", tamamilə ümumi sözlərdir. Ancaq bu, Ermənistanın daxili işidir", - Overçuk vurğulayıb.