Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb, Ukrayna ərazilərini tələb edib
03 İyun 2025
Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.
Onun sözlərinə görə, yalnız məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub.
Ukrayna Rusiyaya bu ayın sonuna qədər daha bir görüş keçirməyi təklif edib.
Rusiya nümayəndə heyətinin rəhbəri - prezidentin köməkçisi Vladimir Medinski isə Rusiyanın danışıqlarda Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim etdiyini vurğulayıb.
"Biz iki hissədən ibarət olan memorandumu Türkiyə tərəfinə təqdim etmişik. Birinci hissə uzunmüddətli həqiqi sülhə necə nail olunması, ikinci hissə isə tam atəşkəsin mümkün olması üçün hansı addımların atılması ilə bağlıdır.
Hazırladığımız plan kifayət qədər müfəssəldir. Buna görə də Ukrayna tərəfi onu öyrənməyi qərara alıb. Öyrənib cavab verəcəklər", - Medinski bildirib.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə münaqişəsinin həlli üzrə təkliflərinə bu ölkədə seçkilərin keçirilməsi və daha sonra sülh müqaviləsinin imzalanması daxildir.
Memorandum Krım, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərinin Rusiyanın bir hissəsi kimi beynəlxalq hüquqi tanınması, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və digər hərbiləşdirilmiş birləşmələrin bu ərazilərdən tamamilə çıxarılmasını nəzərdə tutur.
Sənədin üçüncü bölməsində Rusiya 6 min həlak olmuş hərbçinin meyitini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra konkret tarixlərlə atəşkəs haqqında Memorandumun imzalanması və gələcək yekun sazişin imzalanması tarixinin müəyyən edilməsi yer alıb.
Bundan sonra 30 günlük atəşkəs elan edilir. Sonra seçkilərin keçirilməsi, Ukrayna ərazisində dövlət orqanlarının formalaşdırılması, ardınca isə müqavilənin imzalanması gəlir. Həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiq edilməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi gözlənilir.