Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubio: "Ukraynadakı müharibənin hərbi həlli yoxdur"

Cenevrə danışıqları öncəsi Rusiya qüvvələri Ukraynanın bir neçə vilayətinə dron və raketlərlə hücum edib.

"Hücum nəticəsində onlarla insan, o cümlədən uşaqların yaralanıb", – Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.

Fövqəladə xidmət orqanları yanan yaşayış binalarının görüntülərini paylaşıb. Zelenskinin yazdığına görə, Rusiya 420 dron və 39 raket atıb, qaz infrastrukturunu, elektrik yarımstansiyalarını da hədəfə alıb.

Danışıqlardan öncə ABŞ dövlət katibi Marko Rubio bildirib ki, müharibəni bitirmək üçün danışıqlara yalnız Vaşinqton təkan verə bilər. Rubio Cenevrə danışıqlarında iştirak etmir.

"Bunu Birləşmiş Millətlər Təşkilatı etməyəcək. Fransa etməyəcək. Avropa İttifaqı etməyəcək. Ruslar heç onlarla danışmırlar. Bu prosesdən geri çəkilmək istəmirik, bilirik ki, sonucda Ukraynadakı müharibənin hərbi həlli yoxdur", – o deyib.

"Bu roldan çəkilsək, bunu başqa heç kim edə bilməz", – o əlavə edib.

Ukrayna və Rusiya cəsədləri dəyişiblər

Ukrayna və Rusiya müharibədə həlak olanların cəsədlərini dəyişiblər. Bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski məlumat verib.

"Ukraynaya həlak olmuş min ukraynalı hərbçinin cəsədi təhvil verilib. Rusiyaya isə həlak olmuş 35 rusiyalı hərbçinin cəsədi qaytarılıb", – o, Telegram kanalında yazıb.

Ukrayna tərəfi, hələlik, bu məlumatı təsdiqləməyib.

Cenevrə danışıqları öncəsi Tramp və Zelenski telefonla danışıblar

ABŞ prezidenti Donald Tramp fevralın 25-də ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb. Ağ ev və Kiyev xəbəri təsdiqləyib. Yüksək əhəmiyyətli sayılan telefon danışığı Cenevrə danışıqlarından bir gün öncə baş tutub.

Fevralın 26-da İsveçrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Trampın müşaviri Cared Kuşnerlə görüşü gözlənilir.

Danışıqların Ukraynanın iqtisadi bərpası üçün "rifah paketi"nə fokuslanacağı, martda Rusiya ilə mümkün üçtərəfli sammit üçün zəmin yaradacağı gözlənilir. Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır.

Zelenski telefon danışığından sonra sosial şəbəkədə yazıb ki, müzakirəyə Trampın təmsilçiləri də qatılıb, əsas diqqət qarşıdakı diplomatik mərhələlərə yönəlib: "Bu görüşün danışıqları liderlər səviyyəsinə keçirmək üçün imkan yaradacağına ümid edirik".

O, Trampın bu addımların ardıcıllığını dəstəklədiyini əlavə edib. O, liderlərin birbaşa sammitinin bütün mürəkkəb və həssas məsələləri həll etməyin, nəhayət, müharibəni bitirməyin yeganə yolu olduğunu deyib.

Ərazi və siyasi iradə

Diplomatik fəallıq fonunda Kiyev münaqişə tərəfləri arasında əsas fikir ayrılıqlarının qaldığını bildirir.

Zelenski Norveçin baş naziri Yonas Qar Störe ilə görüşündə siyasi iradə və ərazi bütövlüyünü əsas ziddiyyətlər kimi göstərib.

"Problem bu müharibəni dayandırmaq üçün siyasi iradədə və ərazilər məsələsindədir", – o deyib. Zelenski Tramp administrasiyasının münaqişəni tez bir zamanda bitirmək istədiyini deyib. Amma aşağı səviyyəli işçi qrupların ən mübahisəli məsələləri çözə biləcəyinə şübhəsini ifadə edib.

"Ərazilərlə bağlı sabah konkret nəticə əldə edəcəyimizə əmin deyiləm", – deyən prezident vurğulayıb ki, belə irəliləyişlər liderlər səviyyəsində müzakirə olunmalıdır.

Kiyev mövcud nəzarət xətləri boyunca atəşkəsi nəzərdən keçirməyə praqmatik yanaşma sərgiləyib. Ancaq rəsmilər vurğulayırlar ki, hər hansı atəşkəs Vaşinqton və avropalı müttəfiqlərinin "dəmir kimi möhkəm" təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır.

Moskva Ukraynadan Donetsk vilayətinin şərqindəki ərazilərdən çıxmasını tələb edir. Kiyev bu tələbi qəti rədd edib. Kremlin sözçüsü Dmitri Peskov isə bu yaxınlarda Putin-Zelenski sammitinin faydasına şübhə edib, Ukraynanın indiki mövqeyinin irəliləyişə yol açıb-açmadığını sual altına alıb.

Təzyiq dili

Ukrayna rəsmiləri, respublikaçı senatorlar isə bildirirlər ki, təkcə danışıq yetərli deyil.

Ukraynanın Vaşinqtondakı səfiri Olqa Stefanişina fevralın 24-də jurnalistlərə deyib ki, diplomatiyanı sərt güc dəstəkləməlidir.

"Rusların anladığı dil dialoq, diplomatik səylər deyil, təzyiqdir", – Stefanişina deyib. Onun fikrincə, sanksiyalar və cəbhədə müqavimət Moskvanın hesablamalarına təsir göstərən yeganə effektiv vasitələrdir.

ABŞ Konqresində də təzyiqi artırmaq çağırışları güclənir. Konqresin respublikaçı üzvləri Tramp administrasiyasını danışıqlarda üstünlük qazanmaq üçün hərbi dəstəyi genişləndirməyə çağırırlar.

Cənubi Karolinadan senator Lindsi Qrem fevralın 24-də Ukraynaya "Tomahawk" qanadlı raketlərinin verilməsini təklif edib. O bildirib ki, Rusiyanın ərazisinin dərinliklərində yerləşən dron və raket zavodlarını vurmaq imkanı vacibdir və "indiki mərhələdə Putin müharibəni bitirməyə ciddi yanaşmır".

Kanzasdan respublikaçı senator Cerri Moran da Senatda çıxışı zamanı "Tomahawk" raketlərinin verilməsi, sanksiyaların sərtləşdirilməsi çağırışına qoşulub. O deyib ki, Moskvanın nə döyüş meydanında, nə də danışıqlar masasında qələbə qazanmasına imkan verilməlidir.

Rusiyanın Ukraynada təcavüzkar müharibəsi beşinci ilə keçib, diplomatiya və döyüş əməliyyatları paralel davam edir.