Rubio: Rusiyanın atəşkəsə razılaşacağına ümid edirik
12 Mart 2025
“Rusiya və ABŞ nümayəndələri 11-12 mart tarixlərində Ukraynada sülhə dair görüşlər keçirəcək.”
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz tam atəşkəsdən danışırıq. Ukrayna buna razılıq verib və ümid edirəm ki, Rusiya da buna razı olacaq. Biz onlarla daha sonra, bu gün və sabah görüşəcəyik və ümid edirəm ki, razılıq əldə edə biləcəyik. Amma hesab edirəm ki, bu atəşkəs çox vacibdir", - o bildirib.
ABŞ dövlət katibi Marko Rubio Ciddədə Ukrayna tərəfi ilə baş tutmuş danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı “Sülh məsələsində Rusiyanın əli daha güclüdür. Rusiyanın razılaşacağına ümid edirik” deyib.
Rubio bildirib ki, ABŞ Ukraynanın 30 günlük atəşkəsə razı olduğunu Rusiya tərəfinə çatdıracaq.
“Ukrayna müsbət addım atdı və ümid edirik ki, ruslar buna cavab verəcəklər. Bu, bizim gözlədiyimiz kimi xoş niyyəti göstərən jestidir", - deyə o bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts isə ABŞ-nin yaxın günlərdə Rusiya nümayəndələri ilə danışıqlar aparacağını bildirib.
Rubio və Uolts bildiriblər ki, ABŞ Ukraynada tezliklə atəşkəsə və münaqişənin həlli üçün danışıqlara başlanacağına ümid edir.