Rubio: "Qəzzada HƏMAS-ın kökü tamamilə kəsilməlidir"
18 Fevral 2025
ABŞ dövlət katibi Marko Rubio İsrailin Qəzza zolağında apardığı müharibə məqsədlərinə tam dəstək verdiyini və HƏMAS-ın (ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır) aradan qaldırılmalı olduğunu bildirib.
"HƏMAS idarəedici qüvvə, inzibati struktura malik bir qurum və ya zorakılıq yolu ilə təhdid yarada bilən bir güc kimi mövcud olduğu müddətcə sülh mümkün olmayacaq. Onun kökü tamamilə kəsilməlidir", - Rubio fevralın 16-da İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
ABŞ-nin ali diplomatı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına da səfər edəcək. Dövlət katibinin burada prezident Donald Trampın Qəzza ilə bağlı planına əks mövqe ilə üzləşəcəyi gözlənilir. D.Tramp Fələstin əhalisini Qəzzadan çıxarmağı və bölgəni ABŞ-nin nəzarəti altında yenidən qurmağı təklif edib.
Medianın məlumatlarına görə, Səudiyyə Ərəbistanı ərəb dövlətlərinin Qəzza üçün alternativ bir plan hazırlamaq istiqamətində təcili təşəbbüsünə rəhbərlik edir. Bildirilir ki, bu təşəbbüsdə Misir, İordaniya və BƏƏ də iştirak edir.