Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb
21 May 2024
Müxalifətçi siyasətçi, iqtisadçı- alim Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb. Bu barədə onun qardaşı Qalib Toğrul bildirib.
Onun sözlərinə görə, İbadoğlu həbsdə olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı məhkəmə yox, istintaq orqanı qəbul edib.
Toğrul qeyd edib ki, qanunvericiliyə əsasən İbadoğluya qarşı ittiham maddələri üzrə istintaqın maksimal müddəti 12 ay ola bilər və yalnız baş prokurorun təqdimatı ilə daha 1 ay uzadıla bilər.
"Belə də oldu", - siyasətçinin qardaşı deyib. O qeyd edib ki, İbadoğlunun işi üzrə istintaqın ümumi müddəti 13 ay olacaq.
Bununla yanaşı, aprelin 22-də ev dustaqlığı ilə bağlı qəbul olunmuş qərar polisin nəzarətinə verilmə ilə dəyişdirilib.
Bununla əlaqədar dünən İbadoğlundan elektron bilərzik çıxarılıb.
Bu, İbadoğlunun müayinələrdən -kompüter tomoqrafiyası və maqnit- rezonans tomoqrafiyasından keçməsinə imkan verəcək.
İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pulların satışı), həmçinin 167-3.1-ci (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə ittihamlar irəli sürülüb.
Bəzi dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.
22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.
Lakin mayın 4-də polis əməkdaşları onu uzaqdan müşahidə etmək üçün elektron bilərzik taxıblar.