Qlobal borc 2025-ci ildə rekord həddə çatıb
26 Fevral 2026
Dövlətlərin, ev təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin öhdəlikləri də daxil olmaqla, qlobal borcun həcmi 2025-ci ildə 29 trilyon dollar artaraq rekord həddə - 348,3 trilyon dollara çatıb.
Bunu Beynəlxalq Maliyyə İnstitutunun (BMİ) məlumatları sübut edir.
Bu, ilk növbədə, payına 10 trilyon dollardan çox hissə düşən suveren öhdəliklərin həcminin artması ilə şərtlənib, bu artımın təxminən dörddə üçü isə ABŞ, Çin və avrozona ölkələrinin payına düşüb.
Qlobal borcun artımı hazırda ev təsərrüfatlarının və ya şirkətlərin borclanmasından deyil, daha çox dünyanın ən böyük iqtisadiyyatlarının daimi büdcə kəsiri ilə bağlıdır.
Borcun ÜDM-ə nisbəti ötən il, əsasən, inkişaf etmiş iqtisadiyyatlı dövlətlərin hesabına 308 %-ə qədər azalıb. İnkişaf etməkdə olan iqtisadiyyatlı ölkələrdə isə göstərici ÜDM-in rekord həddinə - 235 %-ə çatıb.
BMİ-nin məlumatına görə, 2025-ci ilin sonunda dövlət borcu bir il əvvəlki 96,3 trilyon dollarla müqayisədə 106,7 trilyon dollar təşkil edib. Qeyri-maliyyə şirkətlərinin borcu 100,6 trilyon dollara, ev təsərrüfatlarınınkı isə 64,6 trilyon dollara çatıb.
Yetkin bazarlarda ümumi borc 231,7 trilyon dollara, inkişaf etməkdə olanlarda isə rekord həddə - 116,6 trilyon dollara yüksəlib.
Hesabatda qeyd olunub ki, əgər büdcə kəsiri əhəmiyyətli qalarsa və şirkətlər əsaslı xərclərini istiqraz emissiyası vasitəsilə maliyyələşdirməyə davam edərsə, 2026-cı ildə qlobal borcun həcmi artmaqda davam edəcək.
BMİ-nin qiymətləndirməsinə görə, bu il inkişaf etməkdə olan bazarlar 9 trilyon dollardan çox məbləğdə borclarını qaytarmalı olacaqlar ki, bu da hesablama tarixində maksimum yenidən maliyyələşdirmə həcmidir. Yetkin bazarlarda istiqrazlar və kreditlər üzrə 20 trilyon dollardan çox ödəniş gözlənilir.