Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırğızıstan vasitəsilə Rusiyaya 5 milyon avroluq "Bugatti" gətirilib - Kimə?

Qırğızıstandan Rusiyaya daha bir "Bugatti W16 Mistral" avtomobili gətirilib. Təxminən 5 milyon avro dəyərində olan hiperkar bu dəfə Yekaterinburqa göndərilib. "Baza" Telegram kanalının məlumatına görə, avtomobilin kommersiya məqsədilə idxalı üçün 244 milyon rubl (2.6 milyon avro) utilizasiya rüsumu ödənilib ki, bu da maşının dəyərinin yarısı deməkdir.

Mənbələr bildirir ki, bu modelin Rusiyaya gətirilən ilk nüsxəsini - 2026-cı il istehsalı qara rəngli avtomobili "Timati" ləqəbli rusiyalı reper Timur Yunısov alıb. Maşın Avropadan Qırğızıstan vasitəsilə gətirilib, avqustun 18-də gömrükdə rəsmiləşdirilib. Cəmi 10 gün sonra, avqustun 28-də "Bugatti" Rusiyada dövlət qeydiyyatına alınıb. Ona Moskvanın Mərkəzi İnzibati Dairəsinə aid olan "77" region kodu ilə "777" nömrəsi verilib.

"Za rulyom" nəşrinin baş redaktoru Maksim Kadakovun sözlərinə görə, bu son dərəcə nadir ikiyerlik rodsterin sahibi Rusiyanın Federal Gömrük Xidmətinə gömrük və utilizasiya rüsumları şəklində əlavə 244 milyon rubl (2.6 milyon avro) ödəniş edib.

İkinci avtomobil - 2025-ci il istehsalı olan narıncı rəngli "Bugatti W16 Mistral" isə Rusiyaya avqustun 27-də daxil olub.

Qırğızıstanın rəsmi qurumları "Baza" kanalının bu məlumatını hələlik şərh etməyiblər.

"Bugatti W16 Mistral" Fransanın Molsaym şəhərində istehsal olunan eksklüziv rodsterdir. 2024-cü ilin noyabrında Almaniyadakı sınaq poliqonunda saatda 454 kilometr sürət yığan bu model rəsmən dünyanın ən sürətli üstüaçıq avtomobili (rodster) adını qazanıb. "Bugatti" şirkəti bu modeldən cəmi 99 nüsxə istehsal edib və istehsal prosesi 2026-cı ilin iyulunda başa çatıb. Məhz bu səbəbdən onun hər bir nüsxəsi kolleksiya obyekti hesab olunur.

"W16 Mistral" Rusiya bazarı üçün olduqca nadir hadisədir. Ölkədə bundan əvvəl sonuncu dəfə "Bugatti" markalı avtomobil uzaq 2013-cü ildə qeydiyyata alınıb.