Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəzza üçün 7 milyard dollar yığılıb. Əliyevin köməkçisi məsələyə aydınlıq gətirir

"Sülh Şurasının bugünkü iclasında Qəzzaya dair səsləndirilən 7 milyard ABŞ dolları məbləğində maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur". Bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

Amma vurğulayıb ki, gələcəkdə Azərbaycan Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirakı nəzərdən keçirə bilər. "Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir", - Hacıyev yazır.

Qəzza üçün 7 milyard dollar yığılıb

ABŞ prezidenti Donald Tramp fevralın 19-da Sülh Şurasının iclasında Qəzza üçün 7 milyard dollar yığıldığını elan edib. O, Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu məbləğə töhfə verən ölkələr sırasında olduğunu deyib.

"Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə toplam 7 milyard dollardan çox vəsait ödəyiblər", – Tramp Vaşinqtonda Şuranın ilk iclasında bildirib.

BMT də humanitar yardım ayıracaq

Qəzzanın bərpası fondunun məqsədi HƏMAS qruplaşması tərksilah olunandan sonra anklavın yenidən qurulmasıdır. ABŞ və Aİ qruplaşmanı terrorçu kimi tanıyır.

D.Tramp Birləşmiş Ştatların Sülh Şurasına 10 milyard dollar ayıracağını deyib. Onun sözlərinə görə, 7 milyard Qəzzanın bərpası üçün ilkin ödəniş kimi yığılıb.

ABŞ prezidenti deyir ki, FIFA Qəzzada futbolla bağlı layihələrə 75 milyon, BMT isə humanitar yardım üçün 2 milyard dollar ayıracaq.

HƏMAS silahı yerə qoyacaqmı

Tramp HƏMAS-ın tərksilahı üçün gücdən istifadənin lazım olmayacağına ümidini bildirib. Dediyinə görə, HƏMAS silahı yerə qoymaq vədi verib: "Görünür, bunu edəcəklər, amma biləcəyik".

İsrailin baş naziri Benyamin Netanyahu isə İsraildə deyib ki, HƏMAS istənilən halda tərksilah olacaq. "Tezliklə HƏMAS dilemma qarşısında qalacaq – ya dinc yolla silahı yerə qoyacaq, ya da zorla tərksilah olacaq", – o söyləyib.

Atəşkəsə beynəlxalq qüvvə nəzarət etməli, "İsrailin işğalı davam etdirməsinin qarşısını almalıdır". Bunu isə HƏMAS-ın sözçüsü Hazim Qasım Qəzzada deyib, tərksilahı müzakirə etməyin mümkün olduğunu sözlərinə əlavə edib.

Rubio: Qəzza üçün B planı yoxdur

Qəzza üçün prezident Donald Trampın Sülh Şurası təşəbbüsündən savayı B planı yoxdur. Bunu ABŞ-nin dövlət katibi Marko Rubio fevralın 19-da qurumun ilk iclasında deyib.

"Bunu nizama salmalıyıq. Qəzza üçün B planı yoxdur. B planı müharibəyə qayıtmaqdır. Burada heç kim bunu istəmir", – Rubio vurğulayıb.