Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazın qiyməti 600 dollara qalxa bilər – Rusiya Ermənistana iqtisadi təzyiqi gücləndirir

Rusiya Dövlət Duması Ermənistana verilən imtiyazlara yenidən baxmağı təklif edib. Təklifi Dumanın Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Andrey Luqovoy səsləndirib. O, Rusiyanın Ermənistana verdiyi qaz imtiyazlarına yenidən baxmağı və bu ölkədən konyak idxalının məhdudlaşdırılması imkanlarını nəzərdən keçirməyi təklif edib.

Luqovoy mayın 26-da Dövlət Dumasında keçirilən "Rusiyasız Ermənistan və Ermənistansız Rusiya: Səbəblər, nəticələr və fəsadlar" mövzusunda dəyirmi masada danışıb.

"Onilliklərdir Rusiya qazı Ermənistan üçün təkcə əmtəə deyil, həm də müttəfiqlik arxitekturasının bir elementi olub. Bu sistem çökürsə, güzəştli qiymət kommersiya qiyməti ilə əvəz olunmalıdır. Bu halda, qiyməti Avropa səviyyəsinə — min kubmetr üçün 400 dollardan 600 dollara qədər qaldırmaq təklif olunur", – deputat söyləyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya iqtisadi ərazisindən istifadəsinə imkan verən güzəştli gömrük qaydalarını və rejimlərini məhdudlaşdırmaq, eləcə də Ermənistanın Rusiya qarşısında dövlətlərarası öhdəliklərinin tam auditini aparmaq lazımdır.

Hazırda Moskva Yerevana qazın min kubmetrini 177.5 dollara, Avropaya isə 600 dollara satır.

Paşinyan "milyardlar ölkəsi" olacaqlarını deyir

AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazir Nikol Paşinyan Rusiyanın açıqlamalarına cavab verib, ölkəsini yüksək qiymətlə hədələməyin məntiqsiz olduğunu bildirib: "Bizim o qədər pulumuz olacaq ki, bu, bizə baha görünməyəcək. Bu gün Ermənistan sülh qovşağına çevrilir, bu isə o deməkdir ki, Ermənistan min və milyonlar ölkəsi yox, milyard və trilyonlar ölkəsi olacaq".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün öncə demişdi ki, Yerevan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq qərarına gələrsə, güzəştli qaz qiyməti bazar əsaslı qiymətlə əvəzlənə bilər.

Prezident Vladimir Putin mayın 9-da Yerevanın iki blok arasında "mümkün qədər tez" seçim etməli olduğunu vurğulamışdı. Ermənistan hakimiyyəti isə Rusiya ilə münasibətləri gərginləşdirməyə meylli olmadığını bildirir, eyni zamanda "nə vaxtsa" belə bir seçim etməli olacağını da istisna etmir.

Qaz, neft və almaz imtiyazları ləğv oluna bilər

Ermənistan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlük prosesini davam etdirərsə, Moskva Yerevana təbii qaz, neft məhsulları və almazların rüsumsuz tədarükü barədə sazişi birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər. Bu haqda "Kommersant" qəzeti Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə göndərdiyi məktuba istinadən yazıb.

Nəşr qeyd edir ki, 2013-cü ilin dekabrında imzalanmış saziş Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması yolunda növbəti addım olmuşdu.

Məlumata görə, saziş tərəflərdən birinin təşəbbüsü ilə dayandırılarsa, Ermənistan Rusiyaya kompensasiya ödəməli və ya ödənilməmiş məbləğləri tam bağlanana qədər Rusiya qarşısında dövlət borcu kimi tanımalıdır.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistanla qaz sazişinin ləğvi ilə bağlı sualın "Qazprom"a ünvanlanmasını tövsiyə edib.