Qazaxıstanda mədən çöküb: Ən azı 7 mədənçinin meyiti tapılıb
18 Fevral 2025
Qazaxıstanın Ulitau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib.
Bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 17-də Ulitau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.
Daha sonra xilasedicilər dağıntıları təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.
Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.