Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağ və Şərqi Zəngəzura cavabdeh qurumlar yaradıldı

Prezident İlham Əliyev Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılmasına fərman verib. İyulun 21-də imzalanan sənədə görə, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bölgənin işğaldan azad olunmuş ərazilərinə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmətin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət üçün 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin etdiyi icraçı direktor həyata keçirəcək.

Xidmətin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Başqa bir fərmanla Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılır. Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Bu qurum Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.

Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

19 yanvar 2021-ci ildə işğaldan azad ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri yaradılıb.

İlk nümayəndə həmin il yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Kərimov.

2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi olmuş Emin Hüseynov həmin il dekabrın 1-dən Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsidir.

2022-ci il mayın 4-də Vahid Hacıyev prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib.