Putinin elçisi: Rusiya tankerlərinin marşrutunu dəyişməsi xəbəri "saxtadır"
06 Noyabr 2026
Rusiya prezidenti Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-yə gedən Rusiya tankerlərinin marşrutlarını dəyişməsi haqda medianın yazdıqlarını "saxta xəbər" adlandırıb. O, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Dmitriyev tankerlərin əvvəlki marşrutları üzrə hərəkətlərini davam etdirdiklərini söyləyib.
Kreml isə noyabrın 5-də bildirib ki, Rusiyanın göndərdiyi dizel yanacağı alıcılara çatdırılacaq.
Rusiya yanacağı ilə ABŞ-yə gedən iki gəmi yolunu dəyişib - FT
ABŞ-yə Rusiya dizel yanacağı daşıyan iki tanker marşrutunu dəyişib. Bu barədə "The Financial Times" qəzeti gəmilərin hərəkətini izləyən sistemlərə və bazar iştirakçılarına istinadən yazır.
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) sanksiyaları altında olan "Talisman" tankeri Aralıq dənizinə istiqamət alıb və hazırda Əlcəzair sahillərindədir. Gəmi artıq son təyinat nöqtəsi kimi ABŞ limanını deyil, statusunu "göstəriş gözləyir" olaraq qeyd edib.
Honkonq şirkətinə məxsus olan və Syerra-Leone bayrağı altında üzən "Leruo" tankeri isə təyinat məntəqəsini Braziliya olaraq dəyişib. Bu gəmi Böyük Britaniya, Aİ və Kanadanın sanksiyaları altındadır.
Yunanıstanın "Eastern Mediterranean Maritime" şirkətinə məxsus "Agioi Fanendes" tankeri ABŞ-yə doğru getsə də, statusunu "göstəriş gözləyir" olaraq göstərib. Gəmi sahibinin sözlərinə görə, yükün boşaldılacağı liman hələ müəyyən edilməyib.
Seyşel adalarında qeydiyyatdan keçmiş şirkətə məxsus olan və sanksiyalar altında qalan daha bir gəmi – "Beast" isə oktyabrın 27-də Rusiyanın Leninqrad vilayətindəki Primorsk limanından dizel yanacağı yükləyərək Atlantik okeanına doğru istiqamət alıb. Gəmi təyinat məntəqəsi kimi ABŞ-nin Atlantik okeanı sahillərini göstərir.