Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezidentin köməkçisi: "Onların "əsir" və "girov" adlandırılması qəbuledilməzdir"

"...Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır". AZƏRTAC-ın xəbərinə görə, bunu Bakıda mühakimə edilən separatçıların məhkəməsi ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Onun fikrincə, "insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların "əsir" və "girov" adlandırılması... qəbuledilməz haldır".

Prezidentin köməkçisi əlavə edib ki, onların mühakiməsi davam etdiriləcək.

"Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir", - H.Hacıyev diqqətə çatdırıb.

Avropa Parlamentində Bakıda həbsdə olan separatçılarla bağlı qətnamə üzrə səsvermə olacaq

"Azərbaycanda ermənilərin qanunsuz həbsi, o cümlədən yüksəkrütbəli siyasi nümayəndələrə qarşı saxtalaşdırılmış məhkəmə prosesləri" mövzusunda martın 12-də Avropa Parlamentində müzakirədən bir gün sonra təcili qətnamə üzrə səsvermə planlaşdırılıb.

Bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.

Hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidentiləri" olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, "dövlət naziri" Ruben Vardanyan, "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və başqalarından ibarət 16 nəfərin məhkəməsi gedir.

Mühakimə olunan bu şəxslərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk rəsmi Bakını erməni məhbusları dərhal azad etməyə çağırıb. "Onlar təxirə salınmadan azadlığa buraxılmalı və ədalətli mühakimə hüququna tam hörmət edilməlidir", - V.Türk deyib.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan 2023-cü il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.