Populyar iranlı aktyor etirazlardan sonra ölkədən çıxıb
26 Fevral 2026
İranlı aktyor Əmirəli Dənayi dövlət sifarişli tarixi dramda baş rolu ilə məşhurlaşmışdı. Filmdə 1979-cu ildə İslam İnqilabının devirdiyi monarxiya tənqid olunurdu.
Dənayi indi vətənini tərk edib, İranda karyerasına son verib. 45 yaşlı aktyor deyir ki, ondan ötrü sınma nöqtəsi illərlə məruz qaldığı dövlət təzyiqi və təqiblər deyil, ölkənin müasir tarixində dövlətin etirazçılara qarşı ən qanlı repressiyası olub.
"Bu siyasi sistem mövcud olduqca İrana qayıtmaqda maraqlı deyiləm. İran artıq siyasət məsələsi deyil. Söhbət insan həyatından gedir, insan həyatı danışıqlar mövzusu deyil", – Dənayi telefonla müsahibəsində deyib. O, ölkəni "diktatura" adlandırıb.
İnsan haqları qurumları kütləvi etirazlarda azı 7 min nəfərin öldürüldüyünü bildirirlər. Real ölü sayının isə xeyli yüksək olduğu güman edilir.
Etirazlar dekabrın sonlarında iqtisadi narazılıqla başlasa da, sonradan İslam Respublikasına son illərin ən böyük təhdidə çevrildi.
"Siyasi savad"
Dənayi İranı dövlət repressiyasının pik vaxtında, yanvarda tərk edib. Təhlükəsizlik səbəbi ilə hazırda olduğu yerin açıqlanmasını istəmir.
O, müsahibəsində dövlət sifarişli filmlərdə iştirakına görə peşman olduğunu deyib. O, "Pəhləvi papağı" teleserialında baş rolu oynayıb. Serialda ilk Pəhləvi hökmdarı Rza Şah və onun dünyəvi siyasəti tənqid olunurdu. Dənayinin karyerası 2012–2014-cü illərdə yayımlanan serialla başlayıb.
"Onda 24 yaşım vardı, bugünkü siyasi savadım yox idi. İndiki baxışım olsaydı, monarxiyaya azacıq qarşı olan heç bir layihədə rol almazdım", – o deyib.
Dənayi indi də avtoritar monarxiyanı tərifləyir. Həmin dövrdə bir çox iranlının daha geniş sosial azadlıqları olsa da, siyasi hüquqları az idi. O deyir ki, İranın son şahı Məhəmməd Rza Pəhləvi və atası Rza Xan "öz dövrlərindən 150-200 il irəlidə idilər".
Yanvarda kütləvi etirazlarda bəzi nümayişçilər hazırda ABŞ-də yaşayan keçmiş vəliəhd şahzadə Rza Pəhləvinin adını səsləndiriblər.
İran kinosunun "hərbiləşdirilməsi"
AzadlıqRadiosunun fars xidmətindən Babək Qafuriazar yazır ki, İranda aktyor və rejissorlar tez-tez dövlət təzyiqi və sərt senzura ilə üzləşirlər. Onlar ciddi qaydalara əməl etməlidirlər – başıaçıq qadınları, kişi və qadın arasında fiziki təması göstərmək olmaz, İslam prinsiplərinin tənqidi yasaqdır. Bunlar filmlərdə müzakirə oluna bilən mövzuları xeyli məhdudlaşdırır.
Son illər bir çox mədəniyyət xadimi siyasi fəallığına, hökumət əleyhinə etirazlara dəstəyinə görə həbs edilib. Bəziləri ölkəni tərk edib.
Dənayi İran kinosunun "hərbiləşdirilməsini" tənqid edir. ABŞ və Avropa İttifaqının qara siyahıya saldığı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media qolu kimi tanınan "Oc" İncəsənət və Media Təşkilatının yüksəliş yaşadığını deyir.
"Zülmün yaratdığı əzaba susmaq neytrallıq deyil. Bu, şərik olmaqdır", – o deyib.