Paşinyandan yeni katolikosun seçilməsi üçün təklif...
11 İyun 2025
Ermənistan baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin başçısı – hazırkı katolikos II Qareginin əvəzlənməsi və yeni katolikos seçkilərinin təşkili üçün "koordinasiya şurası" yaradılmasını təklif edib. Paşinyan II Qaregini subaylıq andını pozmaqda və uşaq sahibi olmaqda ittiham edərək onu legitim saymadığını bildirib.
Paşinyan Facebook-da paylaşdığı müraciətində deyib: "Hörmətli müqəddəs Erməni Apostol Kilsəsinin inanclı ardıcılları, mən sizdən biri kimi sizə müraciət edirəm. Müqəddəs Eçmiədzin Ana Taxtını azad etmək və yeni katolikos seçkilərini təşkil etmək istiqamətində təsirli addımlar atmalıyıq".
Onun sözlərinə görə, ilkin mərhələdə bu məsələlərin təşkili ilə məşğul olacaq koordinasiya şurası yaradılacaq.
Paşinyan bildirib ki, yaradılacaq koordinasiya şurası Erməni Apostol Kilsəsinin bütün inanclı ardıcılları üçün açıq olacaq. Onun sözlərinə görə, bu şuraya qoşulmaq istəyən şəxslər müəyyən meyarlara cavab verməlidirlər.
Paşinyan deyib ki, adi vətəndaşlar da, din xadimləri də bu şuraya qoşula bilərlər. Din xadimləri üçün isə subaylıq andına sadiqlik əsas şərt kimi irəli sürülür.
Baş nazir ilk 10 üzvü özü təyin edəcəyini, bundan sonra isə şuranın öz daxili qaydaları ilə genişlənəcəyini söyləyib. Paşinyan deyib ki, şuraya qoşulmaq istəyən şəxslər öz məlumatlarını onun e-mail ünvanına göndərsinlər.