Paşinyandan Simonyana yeni vəzifə - Toy hədiyyəsi? - YENİLƏNİB
13 Avqust 2026
Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.
Ermənistan mediası xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Onu bu postda Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan əvəzləyib.
"Mən Təhlükəsizlik Şurasının katibini dəyişdirmək qərarına gəldim. Son səkkiz ildə gördüyü işə görə Armen Qriqoryana minnətdaram", - Paşinyan avqustun 13-ü hökumətin iclasında deyib.
Bununla belə, Paşinyan qərarın səbəbləri və ya Qriqoryanın mümkün yeni vəzifəsi barədə məlumat verməyib.
***
11:32
Ermənistan Baş naziri Nikol Paşinyan iyunda baş tutan seçkilərdən sonra vəzifədən kənarda qalan parlamentin spikeri Alen Simonyanı yeni posta təyin etmək niyyətindədir.
Bu barədə məlumatı “MakaryanNews” onlayn resursu yayıb.
Bildirilib ki, Paşinyan Simonyan üçün Təhlükəsizlik Şurasının katibi postunu nəzərdə tutub:
“Paşinyan Alen Simonyana əvvəlki statusuna uyğun gələn vəzifə tapıb və tezliklə onu kifayət qədər nüfuzlu posta – Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edəcək”.
Məlumata görə, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.
Qeyd edək ki, hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. O, 8 ildir bu vəzifədədir.
