Paşinyan Rusiyanın qadağaları barədə: "Böhran deyil, fürsətdir"
31 İyul 2026
"Rusiyanın Ermənistan mallarının idxalına qadağaları Ermənistan istehsalçıları üçün yeni imkanlar açır". Bu fikri baş nazir Nikol Paşinyan iyulun 30-da hökumətin iclasında səsləndirib.
"Çoxları Avrasiya İqtisadi İttifaqı və Rusiya bazarındakı vəziyyəti böhran hesab edir, mən isə bunu bir fürsət sayıram. Bu, böhran deyil, fürsətdir, özümüz üçün açdığımız yeni bir pəncərədir. Biz artıq qapı cəftələrini yağlayıb qapını sakitcə açmışıq, indi isə pəncərəni və normal havalandırmanı rəvan şəkildə təşkil etməliyik", - Paşinyan söyləyib.
Baş nazirin sözlərinə görə, alternativsiz dövr bitib, hər yerdə və daim alternativ olmalıdır: "Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Xalqımız bilməlidir ki, onun seçim etmək imkanı var".
Rusiya bu il aprelin sonlarında Ermənistana qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ötən müddət ərzində Ermənistandan mineral suların, spirtli içkilərin, güllərin, balıq məhsullarının, meyvə, tərəvəz və giləmeyvələrin, son günlərdə isə süd məhsullarının idxalına qadağalar qoyulub.
"Aİİ-nin sonunun başlanğıcı olacaq"
Paşinyan ötən gün Rusiyanın qadağalarını tənqid edərək deyib ki, bu addımlar Avrasiya İqtisadi İttifaqını (Aİİ) "faktiki olaraq iflic vəziyyətinə salıb". O, bu açıqlamadan iki gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmışdı.
"Bu, Ermənistanın deyil, Avrasiya İqtisadi İttifaqının problemidir. Bu o deməkdir ki, ittifaq faktiki iflic olub və işləmir. Əgər bu problem tezliklə həll olunmasa, proqnozlaşdırıram ki, bu, Aİİ-nin sonunun başlanğıcı olacaq", – Paşinyan jurnalistlərə bildirib.
Paşinyan iyunun sonunda deyirdi ki, Rusiya və Aİİ-nin digər üç üzvü Rusiyanın rəhbərlik etdiyi bu ticarət blokunun mövcud olub-olmadığına aydınlıq gətirməlidir. Rusiya Xarici İşlər Nazirliyi həmin bəyanatı "demaqogiya" adlandırmışdı.
Putin isə Paşinyanla telefon danışığında Yerevanı Avropa İttifaqına üzvlüklə bağlı referendumu "mümkün qədər tez" keçirməyə çağırıb.
Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan milyonlarla dollarlıq kənd təsərrüfatı məhsulları və mineral su idxalına embarqo qoymasına baxmayaraq, Yerevan Avropaya inteqrasiya xəttini dəyişməyəcək.
"Ermənistan bütün məsələlərdə alternativlərə malik olmalıdır və alternativsiz dövr artıq başa çatıb", – deyən Paşinyan Ermənistanı Aİİ-dən çıxarmaq planının olmadığını da açıq bildirib. Aİİ Ermənistan ixracatçılarına onların əsas bazarı olan Rusiyaya gömrük rüsumu ödəmədən çıxış imkanı verir.