Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Putin məni təbrik etmədi, amma bu halda o, kiminlə danışırdı?

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını uğurlu adlandırıb.

Ermənistan mediası  xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə bildirib.

"Biz (Prezident Putinlə - red.) bir sıra məsələlərdə ümumi anlaşmaya gəldik, yəni Ermənistanın alternativlər formalaşdırmaq üçün qanuni hüququ var. Mən Rusiya Prezidentinə dedim ki, biz bu yolu elan etmişik və ona sadiq qalacağıq, xüsusən də indi, Ermənistan xalqı buna səs verdiyi bir vaxtda. Seçkiqabağı dövrdə dediyim kimi, Ermənistanın siyasətimiz nəticəsində alternativsiz qalacağı bir vəziyyətə düşəcəyimizi təsəvvür edə bilmirəm", - o bildirib.

N.Paşinyan bəyan edib ki, ölkənin bütün məsələlərdə həmişə alternativləri olmalıdır: "Alternativsizlik dövrü başa çatıb".

Ermənistan məhsullarının ixracı ilə bağlı problemlərdən danışan Baş nazir bildirib ki, bu, Ermənistanın problemi deyil, Avrasiya İqtisadi İttifaqının (Aİİ) problemidir: "Əslində, belə çıxır ki, Aİİ iflic olub və fəaliyyət göstərmir. Əgər bu məsələ yaxın vaxtlarda həllini tapmazsa, bunun Aİİ-nin sonunun başlanğıcı olacağını proqnozlaşdırıram".

O, həmçinin bir daha vurğulayıb ki, Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır.

N.Paşinyan bildirib ki, V.Putin telefon danışığı zamanı onu yenidən seçilməsi (Ermənistanın baş naziri postuna - red.) münasibətilə təbrik etməyib: “Rusiya Prezidenti məni təbrik etmədi, amma sual yaranır: bəs bu halda o, kiminlə danışırdı?”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda ikitərəfli görüşün keçirilməsi barədə razılığın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, görüşün konkret tarixi hələ razılaşdırılmayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri və Rusiya Prezidenti iyulun 27-də telefon danışığı aparıblar.

Xatırladaq ki, sonuncu dəfə Putin və Paşinyan 2026-cı il aprelin 1-də Kremldə görüşüblər.