Paşinyan: Ermənistan ötən il Aİİ büdcəsinə köçürdüyündən 144 milyon dollar az vəsait alıb
07 Avqust 2026
Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı birtərəfli üstünlüklər əldə etməyə deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə əsaslanır.
Ermənistan mediası xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
"Ermənistan 2025-ci ildə Aİİ-nin ümumi idxal gömrük rüsumları büdcəsinə təxminən 319 milyon dollar köçürüb, Ermənistanın xeyrinə bölüşdürülən vəsaitin həcmi isə təqribən 175 milyon dollar təşkil edib. Beləliklə, Ermənistan ümumi büdcəyə aldığından xeyli çox vəsait köçürüb ki, bu da bizim məsuliyyətli mövqeyimizin və Aİİ çərçivəsində öhdəliklərimizi vicdanla yerinə yetirməyimizin birbaşa təsdiqidir", - o qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Aİİ ölkələrindən idxal təxminən 5 milyard dollar, Ermənistan məhsullarının ixracı isə təqribən 3,2 milyard dollar təşkil edib. Bu rəqəmlər göstərir ki, Ermənistan təkcə Aİİ-nin ümumi bazarının iştirakçısı deyil, həm də ittifaqa üzv dövlətlərdə istehsal olunan mal və xidmətlərin mühüm istehlakçısıdır.