Papa Leo dünyanı süni intellekt sahəsində yavaşlamağa çağırıb
26 May 2026
Roma Papası Leo mayın 25-də yayımlanan ilk böyük sənədində hökumətləri süni intellekt (Sİ) sistemlərinin inkişafını ləngitməyə çağırıb. O xəbərdarlıq edib ki, bu texnologiyalar dezinformasiya yayır, qarşıdurmaları prioritetə çevirir və dünyanı sonsuz müharibələrə sürükləyə bilər.
Son aylar daha sərt ritorika seçən Papanın İran müharibəsini tənqid etməsi ABŞ prezidenti Donald Trampı narazı salmışdı. "Ensiklika" adlı müraciətdə isə Papa dünya liderlərinə emosional çağırışlar edib. Bu, katolik kilsəsində ən yüksək səviyyəli təlim sənədlərindən sayılır.
ABŞ-dən olan papa Sİ məlumatlarının yalnız özəl şirkətlərin əlində cəmlənməməsini, siyasətçilərin işçilərin hüquqlarını qorumasını, uşaqların texnologiyanın risklərindən müdafiə olunmasını və Sİ şirkətləri arasındakı rəqabətin yumşaldılmasını tövsiyə edib. Papa güclü hüquqi çərçivələr, müstəqil nəzarət, məlumatlı istifadəçilər və məsuliyyətdən yayınmayan siyasi sistemin zəruriliyini vurğulayıb.
"Ensiklika"lar Papanın kilsənin 1.4 milyard üzvünə ünvanladığı ən yüksək səviyyəli təlim formalarından biri sayılır. Təxminən 43 min sözdən ibarət sənəd böyük maraqla gözlənilirdi. Leo təxminən bir il əvvəl Papa seçiləndən az sonra sənədin hazırlanmasına başlanıb.
"Ədalətli müharibə" nəzəriyyəsi
Papa "ədalətli müharibə" nəzəriyyəsini rədd edib. Katolik kilsəsi azı 5-ci əsrdən bəri bu doktrinadan qlobal münaqişələri qiymətləndirmək üçün istifadə edir. "Son 60 ildə mülki əhaliyə böyük təsir göstərən, heyrətamiz qəddarlıqla müşayiət olunan münaqişələrlə yadda qalıb", – Leo bildirib.
Bu nəzəriyyəyə görə, müharibə yalnız təcavüzə qarşı müdafiə məqsədilə aparılmalıdır. ABŞ vitse-prezidenti, katolik olan Cey Di Vens daxil olmaqla, Tramp administrasiyasının rəsmiləri İran müharibəsini müdafiə etmək üçün bu nəzəriyyəyə istinad ediblər.
""Ədalətli müharibə" nəzəriyyəsi çox vaxt istənilən müharibəni əsaslandırmaq üçün istifadə olunub və artıq köhnəlib. Ondan istifadə, zorakılıq və silahlar münasibətlərdəki yoxsulluğun göstəricisidir və bu, həmişə mülki əhali üçün fəlakətli nəticələr doğurur", – Leo yazıb.
ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlatdığı müharibədə aprelin 8-dən atəşkəs elan olunub. Tərəflər hazırda danışıqlarda irəliləyiş olduğunu, lakin razılaşmanın tezliklə imzalanmayacağını bildirirlər.