Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistan və ABŞ 12 milyard dollarlıq 54 saziş imzalayıb

Özbəkistan və ABŞ ticarət, investisiya və texnoloji əməkdaşlıq sahəsində ümumi dəyəri 12 milyard dollar olan 54 saziş imzalayıb.

Özbəkistan mediası xəbər verir ki, bu barədə ölkənin İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmalar sənaye, nəqliyyat və enerji infrastrukturu, kritik mühüm minerallar, maliyyə sektoru, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrini əhatə edir.

Nəqliyyat sahəsində "GE Aerospace" ilə əməkdaşlıq "Uzbekistan Airways"in yeni təyyarələri üçün mühərriklərin tədarükünü nəzərdə tutur. "Wabtec" şirkəti dəmir yolu texnikası və ehtiyat hissələrinin istehsalının lokallaşdırılmasına köməklik göstərəcək.

"Franklin Templeton", "Oppenheimer & Co.", "Citigroup" və "BlackRock" ilə sazişlər Özbəkistan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışına, institusional investorların cəlb edilməsinə və infrastruktur layihələrinin maliyyələşdirilməsinə kömək etməyə yönəlib.

Dağ-mədən sənayesində "ReElement Technologies", "Traxys" və "Trafigura" ilə razılaşmalar yataqların öyrənilməsi və mənimsənilməsini, texnoloji əməkdaşlığı və mineral resursların tədarükünü, o cümlədən Özbəkistanın kritik mühüm minerallar sahəsində kompetensiyalarının inkişafını nəzərdə tutur.

Bundan başqa, "Amazon Leo" ilə təşəbbüslər peyk rabitəsinin inkişafını, "GE HealthCare" ilə müasir tibbi texnologiyaların tətbiqini, "Valmont Industries" ilə isə kənd təsərrüfatının səmərəliliyinin artırılmasını nəzərdə tutur.

Nazirliyin məlumatına görə, işgüzar proqramda 400-dən çox şirkətin nümayəndəsi, o cümlədən 100-dən çox ABŞ şirkəti, Mərkəzi Asiyanın digər ölkələrindən 100 şirkət və Özbəkistanın 200 müəssisəsi iştirak edib.