Rubio vəziyyətdən çıxmağa çalışır: Ukraynanın xəbərdar edilməməsi proqram xətası olub
20 Oktyabr 2026
ABŞ-nin dövlət katibi Marko Rubio Ukraynaya xəbərdarlıq sisteminin proqram təminatındakı problemlər səbəbindən bir neçə gün işləmədiyini bəyan edib. O, bunu Özbəkistana səfəri zamanı AzadlıqRadiosunun müxbiri Aleks Raufoğlunun suallarını cavablandırarkən deyib.
Rubionun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı baş verənləri araşdırır və bununla bağlı hesabat təqdim edəcək.
Rubio onu da bildirib ki, oktyabrın 19-na keçən gecə Rusiyanın raket hücumu barədə Ukraynaya xəbərdarlıq edilməməsi ilə bağlı məlumatı şərh edə bilməz. Bu barədə Raufoğlu Ukrayna mənbələrinə istinadən məlumat vermişdi.
Səhər saatlarında bu məlumatı Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib. O gileylənib ki, Rusiya gecə ərzində "bir neçə dalğa ilə" zərbələr endirsə də, tərəfdaşlardan yenə də heç bir xəbərdarlıq gəlməyib.
Zelenskinin sözlərinə görə, təkcə ötən gecə 10-dan çox enerji infrastrukturu obyektinə ziyan dəyib və azı 550 min ailə elektrik enerjisiz qalıb.
"Rusiyalılar 16 ballistik raketdən istifadə ediblər. Bu, Kiyevə və Kiyev vilayətinə məqsədyönlü hücum idi. Həmçinin müxtəlif tipli 200-dən çox drondan, o cümlədən reaktiv mühərrikli 'Şahed' dronlarından istifadə olunub", – deyə Zelenski yazıb.
Ukrayna prezidentinin Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsində fasilə yaranması barədə fikirlərini şərh edən Rubio Zelenskinin bu informasiyanı haradan aldığını bilmədiyini deyib. O, məlumat mübadiləsində heç bir fasilənin yaranmadığını vurğulayaraq, Zelenskinin diqqətini müharibənin dayandırılmasına yönəltməli olduğunu bildirib: "Biz istəyirik ki, rusiyalılar da diqqətlərini məhz buna yönəltsinlər".
Ötən gecə Kiyevə endirilən zərbə nəticəsində 21 yaşlı bir qızın həlak olduğu, azı səkkiz nəfərin isə xəsarət aldığı bildirilir.