Logo
news content
User
Kateqoriyalar

Xəbər

Otellərin gəliri də artıb, müştəriləri də, amma…

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycandakı mehmanxanaların qonaqları artıb. Ölkədə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1027,0 minə çatıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sırf xarici şəxslərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub. Bu da ümumi gecələmələrin 49 faizini təşkil edir.

Hesabat dövründə onların gəlirləri də 2021-ci ilin anoloji dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147 milyon manat olub.

“Getsinlər qonşu Gürcüstana baxsinlar…”

Bəzi vətəndaşlar isə şikayət edirlər ki, Azərbaycanda otel xidmətlərin qiyməti digər qonşu ölkələrdən daha bahadır.

“Getsinlər qonşu Gürcüstana baxsinlar, özləri müqayisə aparsınlar”, - deyə adının çəkilməsini istəməyən bir Bakı sakini AzadlıqRadiosuna vurğulayıb.

Hazırda ölkənin bölgələrində yay mövsümü üçün xidmətlərini təklif edən 5 ulduzlu kimi qeyd olunan otellərin qiyməti bir günə görə 150-250 manat arası dəyişir.

“Bu, qiymətin süni şəkildə artımına səbəb olan bilir”

Azərbaycan Turizm Assosiasiyasından da “Turan” İnformasiya Agentliyinə bildirilib ki, yay mövsümündə tələb çox olur, amma turistik bölgədə otel az olduğundan dincəlməyə gedən şəxslərin seçimi o qədər də geniş deyil:

“Bu, bəzən qiymətin süni şəkildə artımına səbəb ola bilir. Sahibkarlara bunun yolverilməz olduğu izah edilir. Çünki bu, həm xarici turistləri qaçırdır, həm yerli turistlərin cibinə ziyandır, həm də bazar rəqabətinə uyğun gəlmir. Bölgələrdə otellərin sayı nə qədər çox olarsa, qiymətlər də o qədər tənzimlənər”.

Qurumdan qeyd olunub ki, otellərin qiymətinə müdaxilə etmək mümkün deyil:

“Biz daim monitorinqlər aparırıq, amma sahibkarlara sadəcə tövsiyyə xarakterli söhbətlər edirik ki, həm keyfiyyətə, həm qiymətlərə, həm də keyfiyyətin qiymətlərinə uyğun olmasına nəzarət etsinlər”.

Mövzu ilə bağlı mehmanxana rəhbərlərindən açıq münasibət almaq cəhdləri isə nəticə verməyib. Amma onlardan bəziləri müsahibədən kənar söhbətlərdə qiymətlərin şəraitlə müqayisədə yüksək olması ilə bağlı fikirlərlə razılaşmayıblar.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, quru sərhədlərin bağlı qalması (Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin fevralından Azərbaycanın qonşu ölkələrlə quru sərhəddində gediş-gəliş məhdudlaşdırılıb-red) ölkədə daxili turizmin həcminə təsiri var:

“Daxili turizm artıb, amma quru sərhədlər açıq olsaydı xaricdən gələn turistlərin sayı artardı”.

“Bizdə ucuz otelçilik konsepsiyası hələ oturuşmayıb”

O, hesab edir ki, quru sərhədlərin bağlı olması daxili turizmin inkişafını artırsa da, otellərin gəlirini azaldıb:

“Quru sərhədlər açıq olsaydı, qonşu ölkələrdən və həmin ölkələr vasitəsilə gələn turistlərin sayında artım ola bilərdi. Bu otellərin gəlirliyinə təsir göstərərdi”.

İqtisadçının fikrincə otel sahəsində baha qiymətlər hökm sürür:

“Dövlətin səhv bir konsepsiyası var, otelləri tikəndə 5 ulduzlu otellərə üstünlük verirlər. Bu tip otellər isə dünyanın hər yerində bahadır. 2,3 və 4 ulduzlu otellər isə Azərbaycanda azdır. Qiymətlərin baha olmasının səbəblərdən biri də budur”.

O, qeyd edib ki, təkcə Gürcüstan paytaxtı Tbilisidə hostellərin sayı 700-dən çoxdur, Azərbaycanda isə bir neçə dənədir:

“Bizdə ucuz otelçilik konsepsiyası hələ oturuşmayıb. Çünki bizdə bu sahədə siyasət doğru deyil və əsas oyunçu dövlətdir. Böyük otellərin tikintisində dövlət investisiya qoyur. Ucuz otelçiliyin inkişafı dövlətin təşviqindən – aşağı faizli kreditlərdən asılıdır. Bizdə isə bu yoxdur”.

İqtisadçılar düşünürlər ki, quru sərhədlər açılsaydı pandemiya sonrası ötellerin gəliri daha çox ola bilərdi.