Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

Azərbaycanda Ombudsmanın aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsi Milli Məclisdə səsverməyə çıxarılıb. Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik edilir.

Məsələ parlamentin sentyabrın 30-da keçirilən ilk plenar iclasında ikinci səsvermədə qəbul edilib.

Layihəyə ombudsmanın aylıq vəzifə maaşı 3 min 60 manatdan 12 min manata qaldırılmasını özündə əks etdirir.

Lakin mövcud qanunda vurğulanırdı ki, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilir. Layihədə həmin bənd yer almır.

Dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycanda bu ilin əvvəlində bəzi dövlət qurumlarının rəhbər işçilərinin maaşları da artırılmışdı. O cümlədən Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin maaşı 3 min 60 manatdan 12 min manata qaldırılmışdı.

Bundan öncə Ombudsmanın isə maaşı 2022-ci ildə artırılmışdı. Həmin ildə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin aylıq maaşı 2230 manatdan 3060 manata çatdırılmışdı.

Hazırkı Ombudsman Səbinə Əliyeva 2019-cu ildən bu vəzifədədir.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Bu quruma 17 il Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildən onu Səbinə Əliyeva əvəz edir. O, Milli Məclisin Komitə sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən Siyavuş Novruzovun həyat yoldaşıdır.

Bir qayda olaarq hüquq müdafiəçiləri Ombudsmanın illik hesabatlarını tənqidlə qarşılayırlar. Xüsusilə də tənqidlərdə hesabatda təcridxanalarda konkret işgəncə halları ilə bağlı şikayətlərə toxunulmaması geniş yer alıb. Amma Ombudsman Aparatı tənqidləri, bir qayda olaraq, əsaslı saymayıb.