Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ölkəmizdə uşaqların sayı niyə azalır?

Bu günlərdə ən çox müzakirə olunan məsələlərdən biri ölkəmizdə uşaqların sayının sürətlə azalması ilə bağlı Bakı Tədqiqat İnstitutunun 2005-22-ci illəri əhatə edən hesabatıdır.

Hesabatda qeyd olunur ki, 2005-ci ildə əhalinin 31,8%-ni 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Azalma özünü daha çox qız uşaqlarının sayında göstərib. Belə ki, bu müddətdə oğlan uşaqlarının sayı 2,1% artdığı halda, qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındakı gender fərqi 2,5%-dən 3,7%-ə yüksəlib.

Məsələyə bir neçə aspektdən yanaşmağa çalışdıq. Görəsən, sosioloqlar və aidiyyəti qurumlar uşaqların sayının azalmasında əsas səbəb kimi hansı faktorları önə çəkirlər, bu azalmanın genofondumuza təsirini necə dəyərləndirirlər? Bu azalmanın genofonda təsirlərini nə zaman hiss edə biləcəyik?

Məsələ ilə bağlı həm sosioloqların, həm BMT-nin Əhali Fondunun, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanaşmasını öyrənməyə çalışdıq.

Sosioloq Lalə Mehralı açıqlamasında qeyd edib ki, əgər desək ki, bunun bir səbəbi var, doğru olmaz:

"Hər xırda görünən təsir, əslində, böyük nəticələr yaradır. Məsələn, ailə planlaması aparılmadığı, hamiləlikdən qorunma yollarından istifadə edilmədiyi üçün arzuolunmaz hamiləlik, selektiv abort qızların sayının azalmasına təsir göstərir, ona görə faiz şkalası yüksəlir.

Mentalitet, oğlan uşaqlarının nəslin davamçısı kimi qəbul edilməsi də selektiv abortu artıran səbəblərdən biridir. Elə bu günlərdə Bakıda gözü olmayan uşağın doğulması da selektiv abortun fəsadıdır, qadın oğlan doğa bilmək üçün dəfələrlə selektiv aborta gedib və nəticədə orqanizm zədələnib, sonuncu hamiləlik zamanı döl oğlan cinsindən olduğu üçün doğuş baş tutub, lakin anomaliya ilə - iki gözü olmadan dünyaya gəlib.

Buradan da belə bir nəticə yaranır - bu cür nəsilartırma ilə genofond nə qədər sağlam olacaq? Nəticə etibarı ilə həm statistik göstəricilərə, həm də sağlamlıq dərəcəsinə görə genofond təhlükə altındadır. İnsanların oğlan uşağı sevdası milli geni parçalayır, fiziki və psixi sağlamlıq səviyyəsini azaldır.

Başqa bir səbəb ümumiyyətlə doğuşların sayının azalmasıdır. Xüsusilə də pandemiyadan sonra insanlar dünyaya uşaq gətirmək istəmədilər.

Qızlar ərə getmək üçün daha uyğun vaxtı, qadınlar doğmaq üçün daha yaxşı zamanı gözləyirlər. Bəziləri karyeraya görə dünyaya uşaq gətirmirlər, çünki təhsilə qoyduqları kapitalı geri qazanmaq istəyirlar.

Bəzi ailələr bir uşaqla kifayətlənirlər, bu da "cırtdan ailə" modelinin arealını genişləndirir. Çoxuşaqlılığı təbliğ etmək, ailələri daha çox uşaq dünyaya gətirmək üçün təşviq etmək yoxdur ölkədə. Nə uşaqpulu var, nə də uşaqlı ailələrə xüsusi imtiyaz. Altı uşağı olan ailə çoxuşaqlı sayılır, amma ölkədə axtarsan, 9-10 min belə ailə olar, ya olmaz, bu da əhali sayına görə çox kiçik göstəricidir".

L.Mehralı qeyd edib ki, çoxuşaqlılıq meyarlarına bir də baxılmalıdır. Ən azı, üçuşaqlı ailələr imtiyazlı olmalıdırlar:

"Əgər artım tempi bu cür davam edəcəksə, yaxın illərdə orduya yararlı əsgər tapılmayacaq".

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, oğlan uşaqlarının çox olması qorxulu hal deyil. Sosioloq qeyd edir ki, bizdə üçuşaqlı ailə modelini qəbul etmək lazımdır:

"Statistika ilə bağlı ortada olan vəziyyət yaxşı hal deyil. Mən uzun illərdir, təbliğ edirəm ki, bizdə üçuşaqlı ailə modelini qəbul etmək lazımdır. Ailədə bir və ya iki uşaq olanda əhalinin sayı get-gedə azalır. Çünki uşağı olmayan ailələr də var.

Ailədə uşaq tək olanda psixoloji cəhətdən arzuolunmayan səviyyədə formalaşır. Səbəb də odur ki, ailədə onun tay-tuşu yoxdur, ən yaxın adamları ata-ana, baba-nənədir.

Ailədə iki uşaq olanda evdə münaqişələr yaranır. Üç uşaq olanda isə həm uşaqlar normal böyüyürlər, həm də ölkədə əhali artımı tədricən olur.

Ölkədə əhali azalmasının, əlbəttə ki, fəsadları var. Çünki bir azdan işçi qüvvəsi də azalacaq.

Ona görə çalışmaq lazımdır ki, ölkədə doğru ailə modeli təbliğ olunsun. Bunun üçün sosial məsələlər həll olunmalı, dövlət qayğısı artmalıdır. Uşaq təkcə ailənin, atanın, ananın deyil, həm də dövlətindir. O, həm ölkənin müdafiə qabiliyyətini artırır, həm lazımi mütəxəssis kimi yetişir və s.

Oğlan uşaqlarının bir qədər çox olması isə qorxulu deyil. Çünki onlar böyüyəndə bir hissəsi ölkədən çıxıb gedir, bir hissəsi də yol-nəqliyyat hadisələrində ölür. Oğlan uşaqları qızlara baxanda daha çox məhv olurlar. Ona görə oğlan uşaqlarının bir qədər çox olması demoqrafik cəhətdən məsləhətdir.

Amma psixoloji cəhətdən qorxunc hadisədir. Qızlar niyə azalırlar? Ona görə ki, valideynlər ana bətnində, selektiv abort vasitəsilə onların məhv olmasına qərar verirlər. Bu isə o deməkdir ki, həmin valideynlər övladlarının qatili rolunda olurlar. Əlbəttə ki, bu, onların psixikasına da təsir edir. Bu cür ailələrin çoxalması isə ölkədə etinasız ailələrin, aqressiv insanların çoxalması deməkdir. Buna görə cəmiyyətdə həm də mənəvi cəhətdən xoşagəlməz proseslər getməyə başlayır. Bu baxımdan da hazırda mövcud olan vəziyyəti arzuolunan səviyyədə hesab etmək olmaz. Tezliklə humanitar və sosial siyasətimizdə elmi əsaslarla ciddi dəyişikliklər olmalıdır".

Oğlan uşaqlarının sayının 2,1% artdığı halda, qızların sayının 6% azalması selektiv abortların göstəricisidir.

Bəs görəsən, BMT-nin Əhali Fondu qız uşaqlarının azlıq təşkil etməsinin səbəbini və gələcəkdə meydana çıxacaq əsas problemləri necə görür? Bununla bağlı fonda sorğu ünvanladıq.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyindən verilən məlumatda bildirilir ki, doğulan uşaqlar arasında qızların azlıq təşkil etməsinin başlıca səbəbi genderəsaslı cins seçimi fenomeni ilə əlaqəlidir:

"Genderəsaslı cins seçimi (GƏCS) dedikdə dölün cinsinə görə hamiləliyə süni şəkildə (bir qayda olaraq, selektiv abortlar vasitəsilə) son verilməsi başa düşülür. GƏCS fenomeni cəmiyyətdə qızlarla müqayisədə oğlan uşaqlarına daha çox üstünlük verilməsindən qaynaqlanır və bilavasitə doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına birbaşa təsir göstərir.

Bioloji normaya görə, doğulan uşaqlar arasında cinsə görə nisbət hər 100 qıza 105-106 oğlan arasında dəyişir. Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 113 oğlan uşağı təşkil edib. Bu, öz növbəsində, dünya üzrə yüksək göstəricilərdən hesab edilir və GƏCS kimi zərərli fenomenin cəmiyyətdə hələ də yayılmış olduğuna dəlalət edir.

GƏCS-nin səbəb ola biləcəyi fəsadlar sırasında gələcəkdə ictimai həyatın bütün sahələrində daha kəskin gender fərqi və kişilərin sayının kəskin artması (maskulinizasiya), əmək bazarında qadınların xüsusi çəkisinin azalması, eyni zamanda, zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun pisləşməsi, qızqaçırma, erkən nikahlar, insan alveri və s. bu kimi bir sıra mənfi halları göstərmək olar".

Uşaqların sayının azalmasında əsas səbəbin nə olduğu ilə bağlı suala cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, tək və ikiuşaqlı ailələrin çoxalma səbəblərindən biri insanların şəxsi inkişafının daha ön plana çəkilməsidir:

"Dünyanın bir hissəsi olan Azərbaycanda da bu tendensiya öz təsirini göstərir. Xüsusilə də qadının cəmiyyətdə rolunun, təhsil və karyeraya marağının artması ailə planlaşdırılması, doğuşların sayının tənzimlənməsi məqamına bilavasitə təsir göstərən səbəblərdəndir. Bununla yanaşı, uşaq doğulduqdan sonra onun sağlam və savadlı vətəndaş kimi boya-başa çatdırılması üçün ailənin müvafiq maliyyə-iqtisadi, sosial dayanıqlığının olması tələb olunur. Daha dəqiq desək, ailələrin sabitliyi, ailədaxili münasibətlərin dayanıqlılığının artırılmasında sosial-psixoloji səbəblərlə yanaşı, maddi və sosial-iqtisadi amillər də həlledici rola malikdir.

Çoxuşaqlı ailələrin sayının azalmasının əsas səbəblərindən biri odur ki, bir çox ailələr uşaqlarına daha keyfiyyətli həyat və təhsil vermək istəyirlər və bu səbəbdən yalnız bir, yaxud iki uşağa lazımi diqqət və qayğı bacarıqlarının olduğunu düşünürlər. Eləcə də valideynlərin daha çox təhsil və karyera arxasınca getməsi, həm də müasir yaşam tərzi səbəbindən bir və ya iki uşağa üstünlük verilməsinə gətirib çıxarır.

Azərbaycanda dövlət tərəfindən çoxuşaqlı ailələrə daim dəstək göstərilir. Həyata keçirilən iqtisadi-sosial siyasət, görülən işlər də insanların rifahının yüksəldilməsinə yönəldilib".

Oğlan uşaqlarının qızlara nisbətən üstünlük təşkil etməsinə gəlincə, komitədən bildirilib ki, oğlan uşaqlarına üstünlüyün verilməsi - onlara daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu, ənənəvi təcrübələr və sosial normaların təzahürüdür və ölkədə genderəsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir:

"Əhalinin sayının artım dinamikasına fikir versək, görərik ki, son illər ərzində əhalinin ümumi sayında artım müşahidə olunsa da, təbii artımın və doğulanların sayında azalma var.

Müasir dövrdə elmin və texnikanın, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların inkişafı, ultrasəs müayinəsi vasitəsilə uşağın cinsini doğulanadək müəyyən etmək imkanı verir. Bu da uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının və oğlan uşaqlarının sayının artmasına gətirib çıxarır. Belə nəticə ölkənin demoqrafik və sosial iqtisadi inkişafına mənfi təsir göstərə bilər. Təəssüf ki, selektiv abortların sayının çoxluğuna görə Azərbaycan lider ölkələr sırasına daxil olub. 1990-ci illərdə nəsilvermədə baş verən tənəzzül dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətin pozulmasına şərait yaradıb".

Gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərə gəldikdə isə komitədən bildirilib ki, ölkəmizdə gender bərabərliyinin və qadın hüquqlarının təmin edilməsi istiqamətində əsaslı addımlar atılıb, qanunvericilik bazası formalaşdırılıb, institusional mexanizmlər yaradılıb və gender amili ümumi siyasətə daxil edilib.

"Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Bu da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasının əsasını təşkil edir. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb.

Bu istiqamətdə kifayət qədər işlər görülür. Məsələn, 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması sahəsində nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə keçirilən hər bir qurultayın özünəməxsus mövzusu olur.

19 oktyabr 2023-cü il tarixində Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Qurultayın sonunda növbəti beş ilə dair qətnamə qəbul olunub və Azərbaycan qadınlarının Prezidentə müraciəti ünvanlanıb.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayında nazirlər səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində 20-21 noyabr 2023-cü il tarixində Bakı şəhərində 40-a yaxın ölkənin və bir sıra beynəlxalq təşkilatın yüksəksəviyyəli qonaqlarının iştirakı ilə Qoşulmama Hərəkatının "Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi" üzrə konfransı keçirilib ki, həmin konfransın yekununda Prezidentin qadınlarla bağlı verdiyi mesaj cəmiyyətimizdə qadına verilən yüksək dəyərin sübutudur", - deyə məlumatda qeyd olunub. 

(Oxu.az)