Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Newsweek": İran atom bombasından güclü silah tapıb

İran atom bombasından güclü silah tapıb.

Bu barədə ABŞ-nin "Newsweek" jurnalında bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş yüksəkrütbəli rəsmisinə istinadən yazılan məqalədə qeyd olunub ki, İranın dünya iqtisadiyyatına zərər vurmaq qabiliyyəti müəyyən baxımdan atom bombasından daha güclü bir silahdır.

Bu təhlilə görə, İranın həyat əhəmiyyətli su arteriyası - Hörmüz boğazı üzərində malik olduğu nəzarət və təzyiq rıçaqları yekunda ABŞ-nin 1945-ci ildə (Yaponiyaya qarşı -red.) istifadə etdiyi nüvə silahından daha təsirli ola bilər.

Əlavə edilib ki, Hörmüz boğazındakı blokada qlobal enerji daşıyıcıları ticarətinə dağıdıcı təsir göstərib və bu nəticələr Birləşmiş Ştatlar da daxil olmaqla, dünyanın müxtəlif nöqtələrində hiss olunur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.

Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan hücumun ləğv edildiyini açıqlayıb.