Logo
news content
User
Kateqoriyalar

Xəbər

Netanyahu "Qələbə çaldıq" deyir, Pezeşkian isə "İsrail məqsədinə çatmadı"

“İsrail İrana qarşı müharibədə “tarixi qələbə” qazana bilib”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində deyib.

"Biz nəsillər boyu qalacaq tarixi qələbəyə nail olduq. Biz iki ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarının və 20 min ballistik raketin məhv edilməsini", - Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrail İranın nüvə layihəsini dondurub.

"Əgər kimsə belə layihəni canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - o fikirlərini yekunlaşdırıb.

“İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi”.

Bunu isə İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.

Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.