Natiq Cəfərli: Aİ missiyasını niyə söyürük?
08 Aprel 2024
“Son günlər Azərbaycanda hökumət mediası, məncə, ən məntiqsiz dövrünü yaşayır, bir-biri ilə uzlaşmayan məqalələr dərc edir, video-reportajlar yayır”.
Bunu “Real” partiyasının sədr müavini Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
Siyasətçi qeyd edib ki, fikrini təsdiqləmək üçün sadəcə faktlarla danışmağa, analiz etməyə və nə baş verdiyini anlamağa çalışır:
1) Azərbaycan mediası Ermənistanda fəaliyyət göstərən, bizimlə sərhəddə monitorinq aparan AB missiyasını yıxıb-sürüyür, yerdən-yerə vurur. Amma son günlər Ermənistan tərəfi müstəsna həyasızlıqla Azərbaycanın atəşkəsi pozduğu haqqında yalan məlumat yayır. Bəs AB missiyası nə deyir?! Açıqlama yayaraq bəyan etdir ki, sərhəddə heç bir aktivlik olmayıb, atəşkəs pozulmayıb. Hətta AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar açıqlama verdi və dedi ki, AB missiyasının orada olmsı "fake" xəbərlərin, hətta yalan məlumatların qarşısını alır. Gəldik məntiq məsələsinə. Yalanı kim yayır - Ermənistan, bu yalanı yaymaq kimə sərf edir - Ermənistana. Bəs İrəvanın yaydığı "Azərbaycan atəşkəsi pozur" yalanını kim ifşa edir - AB missiyası. Yaxşı bizim rəsmi media kimi söyür - bəli, AB missiyasını. Burda məntiq haradadır?!
2) Ermənistandakı AB missiyasından ən çox Rusiya və İran narahatdırlar. Çünki o missiya Azərbaycana görə deyil, Rusiya və İrana qarşı ordadırlar. Yaxşı, bizə tarixən ən böyük təhdid haradan gəlib - bəli, Şimaldan və Cənubdan, Ermənistan onlara alət olub, gələcəkdə bizə təhdidlər haradan gələ bilər - bəli, yenə eyni yerdən, Şimal və Cənubdan. Yaxşı, AB missiyası onlara qarşıdırsa, biz o missiyanı niyə söyürük?! Məntiq varmı?!
3) Rəsmi media günlərdir yazır ki, bəs Qərbyönümlü Ermənistan bizim maraqlarımıza uyğun deyil, hətta bizə təhdiddir. Birincisi, Ermənistan hələ Qərbyönümlü deyil, olması da çox müşkül görünür. İkincisi, bəyəm on illərdir Rusyayönümlü, Rusiyanın for-postu olan Ermənistan mələk idi, bizə təhdid deyildi?! SSRİ dağılanda Qarabağ bəlasını yaradan, 20% torpağımızı Ermənistanın əli ilə işğal edən, bizim məhz iqtisadi və logistik olaraq (neft-qaz, borular) Qərbi seçdiyimizə görə erməni əli ilə cəzalandıran Rusiya deyildi?! Yəni, Rusiya vektorlu Ermənistan təhdid deyil?! Üçüncüsü, Ermənistan Qərbə ancaq Türkiyə və ya Gürcüstan üzərindən inteqrasiya oluna bilər - Türkiyə qardaşımız, müttəfiqimiz, Gürcüstan strateji tərəfdaşımızdır. Yəni, bunun bizə ziyanı necə ola bilər ki?! Gürcüstan demişkən, Tiflis 20 ildir rəsmən Qərbpərəst siyasət yürüdür, Qərbə inteqrasiya olunur - bəyəm, bu bizə təhdid yaradır?! Tam tərsi, Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısına çevrilib, gözəl münasibətlərimiz var. Deməli, qonşunun Qərbyönümlü olması bizə sərf edir, təhdid yaratmır. Belədirsə, yenə məntiq yoxdur, elə deyil?!
4) Bizim media yazır ki, Qərb Ermənistanı gücləndirəcək, dəstək verib, sonra bizə qarşı hərbi yöndən istifadə edəcək. Nefti-qazı Qərbə satırıq, borular, logistika Qərbə gedir, ABŞ, AB ölkələri və Böyük Britaniyanın Azərbaycanda on milyardlarla dollar yatırımı, böyük iqtisadi maraqları var. Yaxşı, özləri öz maraqlarına niyə mane olsunlar, öz ayaqlarına niyə bağ vursunlar?! 2020-ci ilin yayında Rusiya Ermənistanın əli ilə Tovuzda neft-qaz borularına təhdid yaratmağa çalışanda, cəhd edəndə məhz Qərb buna qarşı çıxdı, ciddi müdafiə tədbirləri gördü. Yaxşı, bu iddiada məntiq haradadır?!