Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Naməlum Axundzadə" - Ağdam teatrından Azərbaycan teatrının 150 illiyinə töhfə

“Yuğ” Teatrının quruluşçu rejissoru Gümrah Ömər Ağdam Dövlət Dram Teatrında "Naməlum Axundzadə" mistik komediyasına quruluş verib.



Pressklub.az-ın məlumatına görə, Axundzadə ədəbi yaradıcılığına əsaslanan və yeni üslubda hazırlanmış tamaşa noyabrın 4-də Ağdam tamaşaçılarına təqdim olunub və böyük maraqla qarşılanıb.



Gümrah Ömər teatrın kollektivi ilə "Postdramatik teatr" nəzəriyyəsi və metodikasına dair ustad dərsləri da keçib. Sözügedən tamaşa həmin dərslərin yekunu olaraq ərsəyə gəlib.

Tamaşada teatrın aktyorları ­- əməkdar artist Aidə Qasımova, Elşən Cavadov, Nuranə Əliyeva, Fərhad Fərhadzadə, Elmir Hümbətov, Xəyalə Xudatova, Hakim Cəfərli və Zərifə Ağayeva maraqlı obrazlar yaradıblar. Tamaşanın səhnə dizaynı Qönçə Həzizadə, rejissor assistenti Ceyhun Yusifov, musiqi tərtibatı Azər Şükürova məxsusdur.



Ağdamda gerçəkləşdirilərn ustad dərsləri və onun nəticəsi olan tamaşa Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr silsiləsindəndir.



Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə yaradılıb. Haqverdiyevin özünün təşkilatçılığı və yerli ziyalıların köməkliyi ilə 1904-cü ildə Ağdamda ilk tamaşalar - M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərləri səhnələşdirilib. 1923-cü ildə dövlət teatrı statusu alıb. Teatr bu il özünün 100 illiyini qeyd edir.