Müxalifətin mitinqinə icazə verilməyib
17 Aprel 2024
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 21-də mitinq keçirmək barədə müraciətinə imtina cavabı verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki, müxalifətin təklif etdiyi yerlərdə kütləvi aksiyanın təşkilinin vətəndaşların sərbəst hərəkət hüququnu poza biləcəyilə əlaqədar şəhər administrasiyası mitinqin keçirilməsini "məqsədəuyğun hesab etməyib".
Mitinqin Nərimanov metro stansiyasının qarşısında, “Məhsul” stadionunda və 28 may metro stansiyasının qarşısındakı meydanda keçirilməsi planlaşdırılıb.
Partiyada hesab edirlər ki, şəhər hakimiyyətinin qərarı qanunsuzdur və konstitusiyaya ziddir.
"Hazırda müzakirələri aparırıq və növbəti addımlarla bağlı qərar axşam elan ediləcək", - partiyada deyiblər.
Mitinq siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, quru sərhədlərinin açılması, Rusiya sülhməramlılarının çıxarılması, pensiya və maaşların artırılması, uşaq müavinətlərinin müəyyən edilməsi tələblərilə keçiriləcəkdi.