Müxalifət Rəsulzadənin abidəsi önündə aksiya keçirib
28 May 2024
Müxalif partiyalar mayın 28-də Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC - 1918-1920-ci illər) banisi Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Müstəqillik Günü ilə əlaqədar aksiya keçiriblər.
Azərbaycanın aparıcı müxalifət qüvvələri - Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) növbə ilə mitinq keçiriblər.
Hər iki aksiyanın iştirakçıları "Azadlıq!", "Rəsulzadə!" və s. şüarları səsləndirə-səsləndirə əsas avtomagistraldan abidənin yerləşdiyi meydana doğru yürüş ediblər.
Müsavat Partiyasının natiqləri Rəsulzadənin aparıcı rolu ilə AXC-nin keçdiyi tarix yolunu yada salıblar.
Azərbaycanda müasir siyasi vəziyyətə toxunan partiya lideri İsa Qəmbər Qarabağ uğrunda müharibədə Azərbaycanın qələbəsini və ölkənin ərazi bütövlüyünün bərpa olunmasını yüksək qiymətləndirib. Eyni zamanda, o qeyd edib ki, Müsavat Partiyasının məqsədlərinə nail olunmayıb, çünki ölkədə "şəxsi hakimiyyət rejimi" bərqərar olub və insan hüquq və azadlıqları pozulur.
"Yüzlərlə siyasi məhbus həbsxanalarda əziyyət çəkir. Düşmənlərinin partiya haqqında bütün dediklərinə baxmayaraq, Müsavat Partiyası Azərbaycanda bərabərlik, demokratiya, inkişaf uğrunda mübarizəsini davam etdirəcək", deyə Qəmbər bildirib.
Partiya M.Ə.Rəsulzadənin Azərbaycanın Türkiyə ilə yaxınlaşmasına yönəlmiş siyasi xəttini də davam etdirmək niyyətindədir, deyə o, əlavə edib.
Öz növbəsində, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli öz tərəfdarlarının mitinqində Azərbaycanda azadlıq, insan hüquqları və demokratiya uğrunda mübarizə çağırışları səsləndirib.
"Hazırda biz Məmməd Əmin Rəsulzadənin ideallarının gerçəkləşdirilməsi uğrunda mübarizənin ağır mərhələsindəyik. Bu mübarizədə 1918-ci ildə ən ağır şərtlərdə pərən-pərən düşmüş xalqı bir millət olaraq birləşdirməyə müvəffəq olmuş AXC qurucularının təcrübəsindən və irsindən inam və güc almaq lazımdır. Həmin vaxt bütün dünya bizə qarşı idi, ancaq millətin ataları qeyri-mümkün olanı etdilər - müsəlman dünyasında ilk demokratik respublikanı yaratdılar", deyə Kərimli xatırladıb.
Onun sözlərinə görə, Novxanı mitinqi ərəfəsində polis AXCP fəallarına qarşı "qabaqlayıcı tədbirlər" görüb, onların aksiyada iştirakına mane olmağa çalışıb. "Lakin Rəsulzadənin abidəsi önündə minlərlə partiya tərəfdarının iştirakı onu göstərir ki, hakimiyyətin repressiyalarına baxmayaraq, AXC-nin ideallarını azərbaycanlıların qəlbindən söküb atmaq olmaz", deyə Kərimli bildirib.
Aksiyalarda minlərlə insan iştirak edib. Polis müdaxilə etməyib.