Monqolustan prezidenti rüşvət iddialarına görə istefa verdi
17 Noyabr 2026
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux istefa verib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Ölkə rəhbərinin istefası dövlətə məxsus dəmir yolu layihəsindən maliyyə qazancı əldə etməkdə günahlandırılmasından sonra baş tutub.
Agentliyin məlumatına əsasən, Xurelsux istintaq prosesi ilə əməkdaşlıq edəcəyini vurğulayıb. İttihamlar "Bodi Group" şirkətinin qalib gəldiyi Tavan-Tolqoy - Qaşuunsuxayt dəmir yolunun inşası üzrə məxfi tenderlə əlaqədardır. Dövlət rəsmilərinin ümumilikdə 110 milyon dollar məbləğində rüşvət aldığı ehtimal olunur.
Noyabrın 16-da Monqolustanın parlamentində təmsil olunan müxalif qüvvələr istintaqın aparılması məqsədilə prezidentin və ittihamlarda adı keçən digər rəsmi şəxslərin istefasını tələb ediblər. Araşdırmaların aparılması üçün müvəqqəti parlament komissiyasının yaradılması təklif edilib. Bu təşəbbüsə 42 deputat dəstək verib. Onlar, həmçinin Monqolustan Milli Təhlükəsizlik Şurasının 2019-cu ildən bəri verdiyi bütün tövsiyələrin məxfiliyinin ləğv olunmasını istəyiblər.
Bir neçə gün əvvəl Ulan-Batorun sabiq meri canlı yayım zamanı rüşvət alanlar arasında Xurelsuxun da olduğunu iddia etmişdi.