Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya səfiri: Azərbaycanla münasibətlərimizdə enerji əsas sütun olaraq qalır

Noyabrın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransı keçirib. Diplomat iki ölkə arasında tarixi əhəmiyyət daşıyan Strateji Tərəfdaşlığın həm iqtisadi artıma, həm də təhlükəsizliyə mühüm töhfə verəcəyini bildirib.

Səfir xatırladıb ki, avqustda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub. O, Britaniyanın müdafiə naziri Lord Vernon Kokerin sentyabrda ADEX sərgisində iştirak etdiyini, ticarət naziri Lord Anas Sarvarın isə oktyabrda Birgə Hökumətlərarası Komissiyanın iclasına qatılaraq yeni yol xəritəsinin hazırlanmasına zəmin yaratdığını qeyd edib.

Öz roluna yalnız Bakıda deyil, bütün Azərbaycandakı səfir kimi yanaşdığını deyən Dankan Norman Qarabağdakı yenidənqurma işlərini, xüsusilə “Chapman Taylor” şirkətinin fəaliyyətini yüksək qiymətləndirib. O, Britaniyanın ANAMA-ya dəstəyi davam etdirəcəyini və minatəmizləmə işlərinə töhfə verəcəklərini vurğulayıb. Naxçıvana səfərinə də toxunan səfir bölgənin logistika, enerji, turizm və kənd təsərrüfatı potensialını qeyd edib, həmçinin Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlandığını bildirib.

Yeni Strateji Tərəfdaşlığın əsas istiqamətlərinə gəlincə, diplomat enerji münasibətlərinin hələ də təməl sütun olduğunu, Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi üzrə "Xlinks" layihəsinin dəstəkləndiyini deyib. Eyni zamanda, Bakı və London fond birjaları arasında əlaqələr genişləndirilir.

Təhsil və innovasiya sahəsində süni intellekt, Ələt Azad İqtisadi Zonasındakı məlumat mərkəzi layihələri və "Chevening" proqramına rekord müraciət qeydə alındığı diqqətə çatdırılıb.

Müdafiə sahəsində isə hərbi təlimlərin görünməmiş səviyyəyə çatdığını, həmçinin kibertəhlükəsizlik, mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndiyini bildirən səfir, Ukraynanın ərazi bütövlüyünə dəstəyin davam edəcəyini, Cənubi Qafqazda isə sülh prosesinin və regional dialoqun alqışlandığını qeyd edib.

Turqut