Estoniyanın səbri tükəndi: Tallinin Moskva ilə yolları ayrılır...
“Ruslar artıq vəziyyəti son həddə çatdırıblar”" – estoniyalı politoloq
17 Noyabr 2026
Estoniya müdafiə müəssisəsində təxribat cəhdi ilə bağlı insidentə görə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır. “Avropa həqiqəti” nəşrinin məlumatına görə, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna X sosial şəbəkəsində yazıb.
Estoniya-Rusiya sərhədindəki bütün keçid məntəqələrinin dekabrın 1-dən bağlanması planlaşdırılır.
“Rusiya başa düşməlidir ki, Estoniyaya qarşı düşmənçilik hərəkətlərinin nəticələri olacaq. Bizi qorxutmaq, ölkəmizdə sabitliyi pozmaq və ya təhlükəsizliyimizə xələl gətirmək cəhdləri cavabsız qalmayacaq. Sərhəd-keçid məntəqələrinin bağlanması Rusiyanın Estoniyada düşmənçilik fəaliyyəti aparmaq imkanlarını məhdudlaşdıracaq və sanksiyalardan yayınma hallarının qarşısını almaq istiqamətində səylərimizi gücləndirəcək”, – Estoniya XİN başçısı yazıb.
Tsaxknanın sözlərinə görə, o, bu qərar barədə Finlandiya, Latviya və Litvadan olan həmkarlarını məlumatlandırıb.
Xatırladaq ki, noyabrın 14-də Estoniyada pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” müdafiə müəssisəsində təxribat törətməyə uğursuz cəhd göstərilib. Ölkənin Xarici İşlər Nazirliyi hadisədə Rusiyanı ittiham edib.
Bəs, noyabrın 14-də “Threod Systems” müəssisəsində baş tutmayan təxribat cəhdi ilə dekabrın 1-dən Rusiya ilə quru sərhədinin tamamilə bağlanması qərarı arasında hansı birbaşa əlaqə var? Estoniyanın xarici işlər naziri düşmənçilik hərəkətlərinə cavab olaraq sərhəd-keçid məntəqələrini bağlamaqla hansı siyasi və strateji məqsədlərə nail olmağı nəzərdə tutur?
Sərhədin bağlanmasının rəsmi əsaslandırılmasında həm düşmənçilik fəaliyyətinə qarşı mübarizənin, həm də sanksiyalardan yayınma hallarının qarşısının alınmasının eyni vaxtda göstərilməsi nə ilə bağlıdır? Quru sərhədinin bağlanması ölkə daxilindəki müdafiə obyektlərində təxribat aktlarının qarşısını almaq üçün nə dərəcədə təsirli vasitədir?
Sərhəd əlaqələrinin məhdudlaşdırılmasına cavab olaraq qarşı tərəf gərginliyi artıran hansı addımları ata bilər? Bu qərar Baltikyanı ölkələrin və Finlandiyanın xarici sərhədlərin mühafizəsi və hibrid təhdidlərə qarşı mübarizə sahəsində vahid regional yanaşmasının formalaşmasına xidmət edirmi?
Pressklub.az-ın suallarını tanınmış estoniyalı politoloq Peeter Taym cavablandırıb.

Politoloq əvvəlcə qeyd edib ki, xüsusilə indiki müharibə və Rusiyadan olan əsl faşistlərin həyata keçirdiyi qondarma “nasistlərdən təmizləmə” əməliyyatı kontekstində bir məqamı xatırlatmaq yerinə düşər. Onun sözlərinə görə, ruslar həmişə estoniyalılar haqqında onların həddən artıq ləng olduqlarına, hər şeyi çox yavaş etdiklərinə və baş verənləri gec anladıqlarına dair zarafatlar və lətifələr danışıblar. Bu lətifələrdə estoniyalılar istehza ilə “qaynar eston oğlanları” adlandırılır.
“Bu, bir millətə, yəni estoniyalılara qarşı aşağılayıcı, hətta nasist münasibətidir. Amma bu baxımdan, stereotipin özünü doğrultduğunu da söyləmək olar: sərhədin bağlanması ilə bağlı qərarın necə qəbul edildiyinə və bu prosesin necə getdiyinə baxsaq, estoniyalıların həqiqətən də çox-çox uzun müddət düşündüyünü görərik.
Sərhədin bağlanması məsələsi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başladığı ilk gündən – 2022-ci il fevralın 24-dən müzakirə olunurdu. İndi bir çox siyasətçi və müşahidəçi də eyni fikri səsləndirir və mən onlarla razıyam: sərhəd müharibənin elə ilk günü bağlanmalı idi. Lakin bildiyimiz kimi, bu, baş vermədi.
“Ləng” estoniyalılar haqqında lətifələrdən çıxış etsək, finlər bu məsələdə bizi qabaqladılar – onlar sərhədi biz bu qərara gəlməzdən xeyli əvvəl bağladılar.
Bu yaxşıdır, ya pisdir, başqa məsələdir. Amma ruslar öz əməlləri ilə işi bu həddə çatdırdılar və sabotaj aktı törətdilər. Məhz bu sabotaj hökumətimizi çoxdan yubadılmış siyasi qərarı qəbul etməyə – dekabrın 1-dən bu sərhədi bağlamağa sövq etdi.
Demək olar ki, uğursuz təxribat cəhdi ilə sərhədin bağlanması arasında tamamilə birbaşa əlaqə var. Şəxsi fikrimi açıq deyim: həmin şəxslərin ruslar tərəfindən ələ alındığının sonradan sübuta yetirilib-yetirilməyəcəyi heç əhəmiyyətli də deyil. Bəhanə tapıldı və bu qərar çoxdan qəbul edilməli idi. Artıq qərar qəbul olunub, yaxud qəbul olunacaq və necə deyərlər, geriyə yol olmayacaq. Buna görə də bu qərarı böyük rəğbətlə qarşılayıram. Bunu çoxdan etmək lazım idi. Çünki indi Peskov yenə bizim onlar haqqında yalan danışdığımızı iddia edir. Leypsiqdə, İngiltərədə, Fransada, Hollandiyada və başqa yerlərdə baş verən hadisələrlə bağlı bütün digər ittihamların da yalan olduğunu deyirlər. Yaxşı, biz Peskova inanırıq, yoxsa inanmırıq? Əgər Peskova inansaq, onda belə çıxır ki, Rusiya Ukraynaya da hücum etməyib, bu, başdan-ayağa yalandır. Guya ki, əksinə, Ukrayna Rusiyaya hücum edib.
Azacıq düşünüb məntiqlə yanaşsaq, Latviyadan olan hansısa təsadüfi şəxslərin Estoniyaya gəlib təsadüfən ciddi mühafizə olunan müdafiə müəssisəsinin yerləşdiyi ərazidə od qalamaq istəməsi az inandırıcı görünür.
Digər tərəfdən, bunu Tallinin Lasnamyae rayonunun sakinlərinin etməsi də inandırıcı deyil. Lasnamyae sovet dövründə salınmış, rusdilli əhalinin çox yaşadığı yaşayış massividir və “Tallinin rus hissəsi” kimi tanınır. Lasnamyaedən olan hansısa gənclərin və ya cinayətkar dəstələrin, hətta ən azğın cinayətkarların belə, Pirita rayonundan keçərək Viymsiyə getmək fikrinə düşməsi ağlabatan deyil. Xuliqanların həftəsonu heç bir səbəb olmadan müdafiə müəssisəsini yandırmağa yollanması son dərəcə az ehtimal olunur.
Buna görə də hesab edirəm ki, bu cinayətdə Rusiya xüsusi xidmət orqanlarının, təxribatçıların və terrorçuların əli olduğu sübuta yetiriləcək”, – ekspert bildirib.
Bu addımın strateji və siyasi məqsədlərinə gəlincə, politoloq hesab edir ki, sərhəd çoxdan bağlanmalı idi.
“Siyasi rəhbərliyimiz buna qərar verməyə cəsarət etmirdi. Lakin indi o qədər səbəb və təkanverici hadisə yığılıb ki, nəhayət, bu addımın atılması çox yaxşı oldu.
İlk növbədə, bu, milli maraqlarımızın və milli təhlükəsizliyimizin qorunması deməkdir. Bu gün boş binanı, sabah isə içərisində insanların olduğu binanı yandıra bilərlər. Sabotaj və ya terror aktı nəticəsində çoxlu sayda insan həlak ola bilər. Düşmənçilik hərəkətləri nəticəsində təyyarə qəzaya uğraya, insanların sıx toplaşdığı yerdə yanğın və ya partlayış törədilə bilər. Belə bir hadisəni təşkil etmək çətin deyil.
Buna görə də, bu addım özümüzü ağlını itirmiş şərq qonşumuzdan qorumağın bir yoludur. Ondan mümkün qədər uzaq durmaq lazımdır. Tanınmış jurnalist Arkadi Babçenkonun belə bir fikrini tamamilə dəstəkləyirəm: biz estoniyalılar, latışlar və litvalılar nəhəng xəndək qazmalı və oraya şimal iqliminə uyğunlaşdırılmış timsah növlərini buraxmalı olacağıq.
Yeri gəlmişkən, özümüzü müxtəlif təhdidlərdən qorumaqla yanaşı, sanksiyalardan yayınma hallarının da qarşısını almaq vacibdir. Nəqliyyat vasitələrinin hərəkət etdiyi sərhəd-keçid məntəqələrindən sanksiyalar tətbiq edilən məhsulların, məsələn, NVIDIA çiplərinin müxtəlif yollarla Rusiyaya daşınması üçün istifadə olunur. Bu məntəqələrin bağlanması sanksiyalara riayət olunmasını müəyyən dərəcədə təmin etməyə kömək edir.
Yeri gəlmişkən, Finlandiyanın nümunəsini xatırlasaq, finlər sərhədi bağlayarkən bunu qeyri-qanuni miqrant axını ilə əsaslandırmışdılar. Biz də hazırda bu problemlə mübarizə aparırıq. İndi həm Tallində, həm də bütövlükdə Estoniyada çoxlu sayda miqrant saxlanılır. Yəni biz təkcə təxribatlarla deyil, həm də qeyri-qanuni miqrant axını ilə üzləşirik. Bu da ayrıca problemdir.
Düşünürəm ki, baş verənlərdən sonra Estoniyanın sərhədi bağlamaq qərarı müəyyən mənada Latviyanın və Litvanın da bu mürəkkəb qərarı qəbul etməsini asanlaşdıracaq və ya buna təkan verəcək. Axı başa düşməliyik ki, belə bir qərarın qəbuluna əsas maneə və onun əleyhinə başlıca arqument ölkələrimizdə rusdilli icmanın çoxsaylı olması idi. Ölkələrimizdə bu qədər böyük rus icması və ya diasporu olmasaydı, sərhəd çoxdan bağlanardı.
Rusdillilər arasında narazılıqları ola bilər. Məsələn, etirazını seçkilərdə səsvermə yolu ilə ifadə edə biləcək çoxlu sayda vətəndaş var. Bu da qərarın qəbulunu ləngidən amillərdən biri idi. Lakin ruslar artıq vəziyyəti son həddə çatdırıblar. Buna görə də çox radikal qərarlar qəbul etməli, Ukraynada təcavüzünü davam etdirən və artıq bizə də müdaxilə etməyə başlayan birbaşa düşmənimizdən, təcavüzkardan təcrid olunmalıyıq. Yeganə çıxış yolu sərhədləri bağlamaq və özümüzü ağlını itirmiş bu təcavüzkar sürüdən mümkün qədər təcrid etməkdir.
Bu məsələ xüsusilə ötən həftədən daha da aktuallaşıb. Dünya siyasəti ilə az-çox maraqlanan hər kəs qondarma “danışıqlar” ətrafında baş verənləri, rusların gərginliyi artırmaq hədələri ilə birlikdə necə cəfəngiyyatlar danışdıqlarını izləyirdi.
Sözdə hər şeyi ediblər. Bizi min dəfə nüvə silahı ilə bombalayıb, min dəfə tankların altında əzib, donanmamızı, aviasiyamızı, eləcə də itaətsiz, onlara xoş gəlməyən, rusofob hesab etdikləri bütün Estoniya əhalisini min dəfə məhv ediblər.
Bu baxımdan ən yanlış addım ötən həftə rus faşistlərinin dilindən eşitdiklərimizdən, Rusiyanın gərginliyi daha da artıracağından və ya hansısa cavab addımı atacağından qorxub qərar qəbul etməmək, yaxud ondan imtina etmək olardı. Bu, son dərəcə səmərəsiz yanaşmadır və düşünürəm ki, ümumiyyətlə, belə bir amili nəzərə almağa ehtiyac yoxdur.
Onlar bizə qarşı bütün hədələrini artıq sözlə ifadə ediblər, əslində isə bunları həyata keçirməyə də başlayıblar. Son 3-4 ildə törətdikləri bütün bu yanğınlar və digər alçaq əməllər artıq real təhlükədir. Buna görə də yeganə çıxış yolu onların bura soxulmasının qarşısını almaq üçün özümüzü mümkün qədər ciddi şəkildə təcrid etməkdir. Vəssalam”, – Taym fikrini yekunlaşdırıb.
Rauf Orucov