Logo
news content
User
Kateqoriyalar

Xəbər

"MeydanTV" işi ilə bağlı həbs olunan Aytac Tapdığın nikaha daxil olmasına icazə verilməyib

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində MeydanTV-nin həbsdə olunan əməkdaşı Aytac Tapdıqın nikaha daxil olması ilə əlaqədar verdiyi vəsatətə baxılıb. Vəsatətin təmin olunmadığı bildirilir.

A.Tapdıqın yaxınlarının açıqlamasına görə, jurnalist məhkəmədə çıxışı zamanı kobud rəftara məruz qalıb, daha sonra isə zaldan çıxarılıb.

"Onun məhkəmə zalında nikaha daxil olmaq istədiyi Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına maneə yaradıblar. Aytac Tapdıq 199 gündür qanunsuz olaraq həbsdə saxlanılmaqla yanaşı, ən sadə hüquqlarından da məhrum edilir. Kamran Məmmədli ilə görüşməsinə, evlənməsinə qadağa qoyulur", – yaxınları bildirib.

Bu açıqlamaya sözügedən məhkəmədən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Tapdıq 2024-cü il dekabrın 6-da "MeydanTV işi" üzrə saxlanıb. Daha sonra haqqında həbs-qətimkan tədbiri seçilib. Qaçaqmalçılıqda ittiham olunan jurnalist ittihamı qəbul etmir.