Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mətbuat Şurası Ukraynada işləyən azərbaycanlı jurnalisti təltif edib

Mənbə: Report

Azərbaycan Mətbuat Şurası Ukrayna müharibəsinin ilk günündən bu ölkədə işləyən, ən ağır bölgələrdən, döyüş mövqelərindən xəbərlər verən azərbaycanlı jurnalist Mübariz Aslanovu diplomla təltif edib.

Bu münasibətlə Şurada keçirilən təltifetmə mərasimində bildirilib ki, M.Aslanov Azərbaycan mediasını xarici ölkələrdə peşəkar səviyyədə təmsil etdiyinə, ekstremal zonalardan və müharibə bölgələrindən hazırladığı çoxsaylı reportajlarına görə təltif olunur.

Mərasimdə çıxış edən qurumun rəhbəri Rəşad Məcid Mübariz Aslanovun jurnalist fəaliyyətini yüksək qiymətləndirib:

“Gənc yaşında jurnalistika sahəsində bu cür rəğbət qazanmaq özü böyük bir uğurdur. Ümid edirik ki, Ukraynadakı münaqişə tezliklə başa çatar, oraya sülh gələr və bundan sonra başqa yöndə yaradıcı yazı və reportajlar hazırlanar”.

“Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev isə, öz növbəsində, təltifetməyə görə Mətbuat Şurasına və Rəşad Məcidə təşəkkür edib:

“Mətbuat Şurası hər zaman fəaliyyəti ilə seçilən jurnalistlər üçün bu cür təşəbbüslərlə çıxış edib. Hesab edirəm ki, bu cür təşəbbüslər onlar üçün stimuldur”.

Baş direktor Mübariz Aslanovun Ukraynadakı fəaliyyətinə toxunub:

“Rusiya-Ukrayna müharibəsinin ən qızğın vaxtlarında ona Bakıya qayıtmasını təklif etsək də, qayıtmadı, öz işinin başında qaldı və işini peşəkarlıqla davam etdirdi”.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov Mübariz Aslanovun fəaliyyətinin Azərbaycanda eksterimal jurnalistikası üçün təcrübə olduğunu diqqətə çatdırıb:

“Rusiya-Ukrayna müharibəsinin mərkəzində olması, orada peşəkarlıq vərdişlərinə yiyələnməsi və onu gələcəkdə gənc jurnalistlərlə bölüşməsi, şübhəsiz, onlar üçün də maraqlı olacaq”.

Çıxış edən Mübariz Aslanov təltifə görə təşəkkür edərək eksterimal jurnalistika təcrübəsini bölüşüb:

“Orada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın mətbuat nümayəndəsi çalışır. Hər jurnalistin özünəməxsus xarakteri və baxış bucağı olur. Orada, o cür mühitdə işləmək çox böyük təcrübədir”.

Jurnalist hazırkı dövrdəki informasiya müharibəsinə diqqət çəkib:

“Nəzərə alsaq ki, hazırda həm də informasiya müharibəsi gedir, bu mənada, Azərbaycanın regional və beynəlxalq jurnalsitika müstəvisində tanıtmaq önəmlidir”.

Çıxışlar başa çatdıqdan sonra diplom Mübariz Aslanova təqdim olunub.