İşsizlikdən sığorta ödənişi azalıb
25 Noyabr 2026
Azərbaycanda rəsmi işsiz kimi qeydiyyatda olanların sayı artıb, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə təxminən 20 manat azalıb.
Bu mənzərə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı "Sosial-iqtisadi inkişaf" adlı statistik hesabatların təhlili zamanı üzə çıxıb.
Qurumun bununla bağlı son hesabatında vurğulanır ki, 2026-cı il noyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 253.8 min nəfər işsiz kimi qeydiyyata alınıb. Onların 53.6 faizini qadınlar təşkil edir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 479.4 manatdır.
Halbuki DSK bir il əvvəl – 2025-ci il noyabrın 1-nə qeydiyyatda olan işsizlərin sayının 237.9 min nəfər olduğunu bildirmişdi. Həmin vaxt onların 51.2 faizi qadınlar idi, sığorta ödənişinin orta aylıq məbləği isə 499.3 manata çatırdı.
Müstəqil iqtisadçıların sözlərinə görə, əslində, Azərbaycanda real işsizlərin sayı rəsmi göstəricilərdən qat-qat çoxdur. Onlar hesab edirlər ki, bürokratik əngəllər üzündən ölkədə işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan belə çətindir.
DSK əlavə edib ki, 2026-cı il noyabrın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 449.4 min nəfərə çatıb və onların 5 milyon 168.7 min nəfəri məşğul əhalidir. Bir il əvvəl isə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min, məşğul əhalinin sayı isə 5 milyon 102.6 min nəfər açıqlanmışdı.
Komitənin məlumatına əsasən, 2026-cı ilin doqquz ayı ərzində ölkədə 79.5 min yeni iş yeri açılıb, lakin bununla yanaşı 13,8 min iş yeri bağlanıb.
Qurumun izahına görə, bu dövrdə bağlanmış iş yerlərinin 34,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. "İş yerlərinin 10,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 89,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb",DSK qeyd edib.
Müstəqil ekspertlər bu rəqəmlərə də şübhə ilə baxırlar, onların qənaətincə, reallıqda yeni açılan iş yerləri sayca bağlananları belə üstələyə bilməz.
Xatırlatma
İşsizlikdən sığorta ödənişi işçinin iş yerini itirdiyi halda ona verilən müvəqqəti gəlir mənbəyidir. Bu ödəniş "İşsizlikdən sığorta haqqında" Qanuna uyğun həyata keçirilir və itirilmiş əməkhaqqının kompensasiyası məqsədi daşıyır.
İşsiz statusu kimlərə aiddir?
İşsizlikdən sığorta haqqı yalnız əmək müqaviləsi ilə rəsmi çalışan və qanuni əsaslarla işdən çıxarılan şəxslərə verilir. Müəyyən əsaslarla əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında" Qanunun 5-ci maddəsinə uyğun qeydiyyata alınmış sığortaolunanlar bu ödənişi almaq hüququna malikdirlər. Həmin şəxslərin siyahısı "İşsizlikdən sığorta haqqında" Qanunun 13.1-ci maddəsində belə göstərilib:
- dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
- işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
- əmək müqaviləsinin müddəti bitdikdə;
- müəssisənin mülkiyyətçisi dəyişdikdə;
- məhkəmə qərarı ilə işə bərpa halı olduqda;
- həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra işə qayıdış hüququndan istifadə edildikdə.