Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makron: Fransa nüvə başlıqlarının sayını artıracaq

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin arsenalında olan nüvə başlıqlarının sayının artırılmasına göstəriş verib.

Makron bu barədə Brest limanındakı "İl-Lonq" bazasında çıxışı zamanı bildirib.

“Mən arsenalımızda olan nüvə başlıqlarının sayının arıtırılması ilə bağlı göstəriş vermişəm. Bundan sonra nüvə arsenalımızla bağlı rəqəmləri açıqlamayacağıq”, - Makron bildirib.

Makron Fransanın qitənin müdafiəsi üçün Avropanın səkkiz ölkəsi ilə sıx əməkdaşlıq edəcəyini açıqlayıb.

"Arsenalımızın modernləşdirilməsi olduqca zəruridir. Çoxsaylı təhdidlər qarşısında nüvə çəkindirmə gücümüzü artırmalıyıq", - Makron qeyd edib.

O, Fransanın yeni doktrinasını "təkmilləşdirilmiş çəkindirmə" adlandırıb.

Fransa dünyada dördüncü ən böyük nüvə arsenalına sahibdir və bu arsenal təxminən 290 nüvə başlığı olaraq qiymətləndirilir.

Makron qeyd edib ki, Avropanın səkkiz ölkəsi Fransanın təklif etdiyi bu yeni nüvə çəkindirmə sxemində iştirak etməyə razılıq verib. O həmin ölkələrin adlarını sadalayıb: Almaniya, Böyük Britaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka.

Həmin ölkələrin ərazisində Fransanın strateji hava qüvvələri yerləşdirilə bilər ki, bu da ehtiyac yarandıqda müdafiəni təmin etmək üçün bütün Avropa qitəsinə yayılmağa imkan verəcək.

Fransa mediasının məlumatına görə, "İl-Lonq" bazasında Fransanın ballistik raketlərlə təchiz olunmuş dörd sualtı qayığı yerləşir.