Mahaçqala və Dərbənddə terror aktları - Xeyli ölən və yaralanan var
23 İyun 2024
Rusiyanın Dağıstan Respublikasınıda terror aktları həyata keçirilib.
Dağıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. Bundan başqa, paytaxtı Mahaçqala şəhərində naməlum şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarına hücum ediblər.
Dağıstanın ictimai monitorinq komissiyasının sədr müavini Şamil Xadulayev bildirib ki, pravoslav kilsəsinə qarşı edilən hücum zamanı keşiş və mühafizəçi öldürülüb.
Ümumilikdə, Dərbənd və Mahaçqala şəhərlərində terror aktları nəticəsində 10 nəfər həlak olub, onlardan səkkizi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.
Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.
Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. "BAZA” teleqram kanalı məlumat yayıb ki, polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.