Logo
news content
User
Kateqoriyalar

Xəbər

Macarıstanda Orban dövrü sona çata bilər

Macarıstanda sağ mərkəzçi "Tisa" müxalifət partiyası yanvarda baş nazir Viktor Orbanın "Fides" partiyası üzərində 10 faizlik üstünlüyünü qoruyub saxlayıb. Bunu rəy sorğusu üzə çıxarıb.

Sorğunun nəticələrinə görə, "Fides"i yaşı 59-dan yuxarı, kəndlərdə, kiçik şəhərlərdə yaşayan seçicilər daha çox dəstəkləyir.

2010-cu ildən hakimiyyətdə olan millətçi Orban son 16 ildə ilk dəfə ciddi sınaqla üz-üzədir, aprelin 12-nə parlament seçkiləri təyin edib. "Tisa" partiyasına keçmiş hökumət üzvü Peter Madyar rəhbərlik edir.

Bu seçkinin Avropaya, onun ifrat sağ siyasi qüvvələrinə böyük təsiri olacağı gözlənilir. ABŞ prezidenti Donald Trampın müttəfiqi Orban Avropa İttifaqı ilə tez-tez toqquşur. Səbəb Macarıstanda demokratik dəyərlərin davamlı zəiflədilməsidir, amma özü bunu inkar edir.

Sorğunu yanvarın 19-24-də "Zavecz Research" keçirib, "Telex" xəbər saytında dərc olunub. Nəticələrə görə, qərarını vermiş seçicilər arasında "Tisa"nın dəstəyi noyabrdakı 47 faizdən 49 faizə yüksəlib. "Fides" isə noyabrda 38 faiz, yanvarda 39 faiz toplayıb. İfrat sağçı "Mi Hazank" (Bizim Vətən) partiyasını qərarını vermiş seçicilərin 5 faizi dəstəkləyib.

"Tisa" yaşı 39-dan aşağı seçicilər arasında 41 faizlə açıq üstünlüyə malikdir, "Fides" bu qrupda 22 faiz toplayıb. 59 yaşdan yuxarı seçicilər arasında isə "Fides" 38 faizlə "Tisa"dan (35 faiz) irəlidədir.

Hökumətyönlü sorğu şirkətləri isə "Fides"in öndə olduğunu göstərir.

Orban seçkini müharibə ilə sülh arasında seçim kimi təqdim edir, Ukraynanı dəstəyə layiq olmayan ölkə kimi göstərir, hökumətinin yeganə təhlükəsiz seçim olduğunu deyir.

"Tisa" 2024-cü ildə siyasətə sürətlə daxil olub, korrupsiyanı cilovlayacağını, Macarıstanın Aİ-də mövqeyini möhkəmləndirəcəyini bildirib.