Lavrov Ukraynaya ərazi güzəştlərini istisna edir
18 Fevral 2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya ərazi güzəştlərinin mümkünlüyünü rədd edərək bildirib ki, nizamlanma prosesində heç bu barədə söhbət belə gedə bilməz.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Donetsk, Luqansk vilayətləri tam, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 16-da bildirib ki, Kiyev itirilmiş torpaqları heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, NATO-ya üzv olarlarsa, onları diplomatik yollarla geri qaytaracaqlar. Amma keçən həftə o, bir ərazinin digərinə dəyişdirilməsini istisna etməmişdi. O, hansı ərazilərdən danışdığını qeyd etməyib. Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsinə nəzarəti davam etdirir.
Ukrayna Səudiyyə Ərəbistanındakı danışıqları tanımayacaq – Zelenski
Ukrayna fevralın 18-də ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda iştirak etməyəcək. Bunu Yaxın Şərq səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan Ukrayna dövlət başçısı Volodimir Zelenski jurnalistlərə deyib.
Zelenski ölkəsinin Ər-Riyad danışıqları barədə məlumatının olmadığını və Ukraynasız hər hansı müzakirənin nəticə verməyəcəyini vurğulayıb: "Bizim iştirakımız olmadan haqqımızda bağlanmış heç bir razılaşmanı tanıya bilmərik və biz belə razılaşmaları tanımayacağıq".
Ər-Riyadda ABŞ-Rusiya danışıqlarının vaxtı açıqlanıb
ABŞ dövlət katibi Marko Rubio Vaşinqton və Moskva arasında Ukraynada sülh danışıqları öncəsi Səudiyyə Ərəbistanına gəlib. Danışıqlar fevralın 18-nə təyin edilib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edəcək.
Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanındakı müzakirələrə cəlb olunub-olumayacağı, hələlik, bəlli deyil. "NBC News" onların çağrılmayacağını iddia edir - Vaşinqton əvvəlcə tərəflərlə ayrı-ayrılıqda görüşlər keçirmək istəyir.