Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçın yolunda baş verənlər - Beş sualın cavabı


Xankəndini Ermənistanın Qoris bölgəsinə birləşdirən yol ətrafında mübahisənin əlamətləri təxminən iki həftə əvvəl üzə çıxmağa başlayıb. Onun səbəbi nədir, hazırda nə baş verir və hadisələr necə inkişaf edə bilər?





BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.





Laçın dəhlizi ətrafında nə baş verir?




Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun ətrafında mübahisənin əlamətləri təxminən iki həftə əvvəl üzə çıxmağa başlayıb. Onun kökləri Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) yerləşdiyi ərazidə faydalı qazıntıların işlənməsi və ixracı ilə bağlıdır.





Azərbaycan onun nəzarəti olmadan bölgədə aparılan "qeyri-leqal" fəaliyyətin monitorinqini istəyir. O, bu məqsədlə dekabrın 3-də və 7-də RSK ilə müzakirələrdən sonra ərazidə monitorinqin aparılmasına dair razılaşmanın əldə olunduğu bildirilir.





Lakin həmin monitorinqin keçirilməsinə maneə törədildiyini deyən azərbaycanlı fəallar dekabrın 12-də Şuşadan Xankəndinə gedən yolun üzərində aksiyaya başlayıblar.









qarabağdan ermənistana gedən yeni yol






Aksiya harada keçirilir?




Aksiyanın keçirildiyi Turşsu (ermənilər ona Lisaqor deyirlər) kəndi Şuşadan Laçına gedən yolun üstündə yerləşir. Xankəndindən Ermənistana getmək üçün yeganə yol buradan keçir.





Lakin Laçına az qalmış bu yol ayrılır. Köhnə yol Laçının içindən keçir. Azərbaycanın çəkdiyi yeni yol isə şəhərdən yan keçirək daha sonra Ermənistan sərhədinin yanında köhnə Laçın-Qoris yoluna birləşir.





Yola Rusiya sülhməramlıları nəzarət edir.





Laçın yolu hazırda bağlıdırmı?




Hazırda yolun kim tərəfindən bağlanması və onun gediş-gəliş üçün açıq olub-olmaması barədə məlumatlar fərqlənir.





Rusiya sülhməramlı kontingentinin komandanlığı avtomobil yolunun "dekabrın 12-də Azərbaycan tərəfindən kəsildiyini" bildirib.





Azərbaycan əksinə, dəhlizin Rusiya sülhməramlıları tərəfindən bağlandığını deyib. Eyni zamanda çərşənbə günü RSK postu ilə üzbəüz çadır quran azərbaycanlı etirazçılar yolun humanitar məqsədlər və mülkilər üçün açıq olduğunu deyirlər.





Bu barədə məlumat yayan APA agentliyi ərazidən Rusiya sülhməramlı avtomobilərinin keçdiyini göstərən video da yayıb.





Qondarma "Dağlıq Qarabağ Respublikası" deyir ki, Laçın dəhlizinin fasiləsiz işi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr bəyanatında əks olunub və bəyanatın müddəalarını Azərbaycan "növbəti dəfə pozub".





Azərbaycan hökuməti isə öz ərazisində yaşayan erməni əhalisinin humanitar ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirib.






Beynəlxalq reaksiya nədir?









Etirazçılar

ŞƏKLİN MƏNBƏYİ,AA/GETTY IMAGES








Fransa XİN-i Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini bərpa etməyə çağırıb.





Avropa İttifaqı (Aİ) baş verənləri narahatlıqla izlədiyini bildirir. "Aİ Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır".





Qurumun açıqlamasına əsasən, bu cür hallar maraqlı tərəflərlə dialoq və məsləhətləşmələr yolu ilə həll edilə bilər və həll edilməlidir.





Bundan sonra nə gözlənilir?




Bəzi ekspertlərə görə, son zamanlar yaranan böhran Azərbaycanın Rusiya sülhməramlıların olduğu ərazilərə nəzarətini artırmaq istəyindən xəbər verir.





"Rusiya başa düşməlidir ki, bu, Azərbaycanın sülhməramlılara ilk siqnal və təzyiqdir", - Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva belə deyir.





Lakin onun sözlərinə görə hadisələrin eskalasiyası Rusiya üçün faydalı ola biləcək qeyri-sabitlik riskini artırır. Azərbaycan artıq bir müddətdir ki, Rusiya sülhməramlı qüvvələrini o cümlədən, bölgədə Azərbaycan toponimlərinin işlətməməsinə görə tənqid edir.





Böhran başlayandan bəri, dekabrın 12-də Rusiya Prezidenti həm Ermənistan, həm də Azərbaycan liderləri ilə telefonla danışıb.





Kremlin mətbuat xidmətinə əsasən, İlham Əliyevlə Vladimir Putin 9 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli sazişlərin həyata keçirilməsinin "bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrin bərpası" ilə bağlı planları müzakirə ediblər.