Logo
news content
User
Kateqoriyalar

Xəbər

Körfəzdən Azərbaycana, Azərbaycandansa İrana gedənlər kəskin azalıb

Körfəz ölkələrindən Azərbaycana gələnlərin, Azərbaycandan isə İrana gedənlərin sayı kəskin azalıb.

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 24-də açıqladığı məlumata görə, 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80.8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz azdır.

Ölkəyə gələnlərin 26.6 faizi Rusiya Federasiyasının, 19.4 faizi Türkiyənin, 7.6 faizi İranın, 4.9 faizi Gürcüstanın, qalanları isə digər ölkələrin payına düşür.

2025-ci ilin ilk 10 ayı ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9.9 faiz artaraq 111.5 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 5.5 faiz artaraq 781.4 min nəfərə çatıb. Buna qarşılıq, Körfəz ölkələrindən gələnlərin sayı 31.5 faiz azalaraq 241.6 min nəfərə enib.

Eyni dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 1.9 faiz azalaraq 1 milyon 740.4 min nəfər təşkil edib. Ən kəskin azalma İrana gedənlər (47.9 faiz az) arasında qeydə alınıb.

Son illər Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayında davamlı azalma müşahidə olunur. Ekspertlər Azərbaycana gələn turistlərin sayının qonşu Gürcüstanla müqayisədə geri qalmasını, əsasən, ölkədə turizm qiymətlərinin yüksək olması ilə izah edirlər. Onların fikrincə, Yaxın Şərqdə gərginliyin artması da Körfəz ölkələrindən gələnlərin sayına əlavə mənfi təsir göstərib.

İrana səfərlərin azalması isə ötən ilin sonunda bu ölkədə baş verən xalq etirazları, onların zorakılıqla yatırılması, bu il isə İranın İsrail və ABŞ-la silahlı qarşıdurma yaşaması ilə əlaqələndirilir.

Ümumilikdə isə bu azalma tendensiyası 2020-ci ildən başlayıb. 2020-ci ilin əvvəlindən koronavirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, qadağanın hələ də qüvvədə qalmasını rəsmilər təhlükəsizlik amili, müstəqil ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta çıxışının qarşısını almaq və s.) ilə izah edirlər.