Kimlər dövlət qulluğunda işləyə bilməyəcək? — Yeni Məcəllə gəlir
01 Oktyabr 2026
Din xadimləri, digər ölkənin vətəndaşlığını qəbul edənlər və xarici dövlətlər qarşısında öhdəliyi olan şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcəklər.
Sözügedən qadağalar Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən, aşağıdakı hallarda şəxslərin dövlət qulluğuna qəbuluna yol verilmir:
- Məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs kimi tanındıqda;
- Məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
- Birbaşa tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq (ər-arvad, valideynlər, bacı-qardaşlar və övladlar) əlaqəsi olduqda;
- Barəsində məcburi tibbi müalicəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda...
Yeni hazırlanan Məcəllə layihəsində isə məhdudiyyətlər əsasən aşağıdakı hallarda şamil edilir:
- Başqa ölkənin vətəndaşlığını qəbul etdikdə və ya xarici dövlətlər qarşısında öhdəliyi olduqda;
- Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qərarı ilə təsdiq edildikdə;
- Məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
- Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- Rəsmi siyahıya əsasən, xəstəliklərinə görə dövlət orqanlarında qulluq keçməyə yararsız hesab edildikdə;
- Vəzifə öhdəliklərini yerinə yetirmədiyinə və ya qanuni məhdudiyyətləri pozduğuna görə dövlət qulluğundan azad edildikdən sonra 6 ay keçmədikdə;
- Din xadimi olduqda.
Hazırkı "Dövlət qulluğu haqqında" Qanunda olduğu kimi, yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində də dövlət qulluğunda olmağın 65 yaş həddi məhdudiyyəti qüvvədə saxlanılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.