Kanada SEPAH-ı terror təşkilatı elan etdi
20 İyun 2024
Kanada hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Məlumata görə, bu, 2020-ci ildə Tehrandan havaya qalxdıqdan sonra qəzaya uğrayan Ukrayna təyyarəsinə görə siyasətçilər və ictimai təşkilatların Ottavaya təzyiqi nəticəsində mümkün olub.
Qeyd edək ki, yanvar ayında Kanadanın baş naziri Castin Trudeau Torontoda qəza qurbanlarının qohumları ilə danışarkən hökumətin SEPAH-ı terror təşkilatları siyahısına daxil etmək variantlarını araşdırdığını söyləyib.
Hazırda SEPAH Kanadadan başqa yalnız ABŞ-də terror təşkilatı kimi tanınır.
Xatırladaq ki, Ukraynaya məxsus PS752 ("Boeing 737-800") reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları var. Həmin il yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan "Boeing"i səhvən vurduqlarını və təyyarəni "düşmən hədəfi" kimi qəbul etdiklərini bildirdilər. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.