Logo
news content
User
Kateqoriyalar

Xəbər

“KamAz”lara doldurub aparırdılar”. Rusiyalı əsgər və zabitlər ordunun tuman, çəkmə və zirehli jiletlərini necə oğurlayıblar?


Ukraynadakı müharibəyə göndərilmək üçün səfərbər edilənlər, demək olar ki, hər şeyi özləri almaq məcburiyyətindədirlər - tumandan tutmuş zirehli jiletə, termal cihazlara qədər. Ehtiyatda olan general-leytenant, Dövlət Dumasının deputatı Andrey Qurulyov problemə belə münasibət bildirmişdi: "Şəxsi heyətin qəbul məntəqələrindəki milyon yarım dəstin hara yox olması hələ də mənə aydın deyil". BBC qismən də olsa, məhkəmə qərarlarında onun sualına cavab tapıb: Vladimir Putin Ukraynaya hücum planı hazırlamaqdaykən Rusiya hərbçiləri illər boyu öz anbarlarını qarət ediblər, hətta bəzən yük maşınlarına doldurub apararaq.





İyul ayının ortalarında rus qoşunları "Vaqner PMC" ilə birlikdə Luqansk vilayətindəki Uqleqorsk istilik elektrik stansiyasına hücum edəndə Avrasiyanın o biri ucunda - Kuril silsiləsinin İturup adasında Qarnizon Hərbi Məhkəməsinin iclası keçirilirdi. Ordakı hərbi hissədə arxa cəbhə geyim xidmətinin rəisi Dmitri Qorin saxtakarlıqda ittiham olunurdu.





2021-ci ilin payızında Qorin saxta hesab-fakturalar yazıbmış. Bu sənədlərə görə guya iki hərbçiyə xeyli sayda əmlak verilibmiş - birinə 100 çanta, üç baş geyimi, dörd yay papağı, küləkdən və nəmdən qoruyan iki dəst kostyum, digərinəsə 35 köynək, 50 əl dəsmalı; əlli cüt qış, 50 cüt yay corabı və bir cüt yay çəkməsi. Amma bu, sadəcə kağız üzərində baş vermişdi. Oğurluq faktını gizlətmək üçün Qorin saxta hesab-fakturaları artıq işdən çıxmış hərbçilərin adına yazmış, bir müddət sonrasa işin üstü açılmışdı.





Arxa cəbhə geyim xidmətinin rəisi məhkəmədə bildirib ki, anbardakı əmlak saxlanma şəraitinin pis olması ucbatından yararsız vəziyyətə düşübmüş və o, yoxlama başlayacağından qorxaraq bu faktı rəsmiləşdirmək istəməyib, çıxış yolunu saxtakarlıq etməkdə görüb. Məhkəmə ona yüngül cəza verib - 25 min rubl məbləğində cərimələyib.





Amma Muromdakı (Vladimir vilayəti) mühəndis bölməsinin arxa cəbhə geyim xidmətinin keçmiş rəisi, baş leytenant İlgiz Əhmədovun bəxti gətirməyib - 2021-ci ilin sonunda Rusiya NATO-ya ultimatum irəli sürən günlərdə məhkəmə onun haqqında iki illik şərti həbs cəzası çıxarıb. Əhmədov hərbi əmlakı hərbi hissədən yük maşınında çıxarmışdı.





2018-ci ilin yazında o, anbardan "Ural" markalı maşına 209 yay çəkməsi yükləmiş, onları Nijni Novqorod vilayətindəki dostuna göndərmişdi - guya ona olan borcunu ödəmək üçün. Sonrakı dəfə Əhmədov anbardan 100 cüt çəkmə çıxarıb və əskiyi ört-basdır etmək üçün iki yüz cüt ayaqqabının geyilməkdən yararsız hala düşəməsi barədə saxta akt tərtib edib.





Bu iki hökm rus hərbçilərinin illərdir öz ordularından hərbi forma, çəkmə və digər əşyalar oğurlamasının sadəcə son nümunələridir. BBC "Ədalət məhkəməsi" Avtomatlaşdırılımış Dövlət Sisteminin məlumatlarına əsasən hesablayıb ki, son səkkiz ildə (Rusiya təbliğatı bu rəqəmi "Bəs əvvəlki səkkiz ildə hardaydız?" sakral ifadəsində istifadə edirdi) qarnizon hərbi məhkəmələri geyim anbarlarındakı əmlakın yox olmasıyla bağlı ən azı 558 hökm çıxarıb.






Rusiya Ukraynayla müharibəyə, sonra da səfərbərliyə başlamasaydı, bu problem ictimai maraqların periferiyasında qalacaqdı. Məhz səfərbərlik prosesində məlum oldu ki, Rusiya ordusu öz əsgərlərini geyimlə təmin edə bilmir. Orduya çağrılanların qohumları həmin o çəkmələri, baş geyimlərini, corabları, bel çantalarını, uniformaları, zirehli jiletləri, ilk tibbi yardım çantalarını və gecəgörmə cihazlarını onlara pulla alırlar.



"Şəxsi heyətin qəbul məntəqələrində saxlanan milyon yarım dəstin hara yox olması hələ də mənə aydın deyil. Niyə hərbi formayla və daha nələrləsə bağlı problemlər var? Bunu heç kim heç bir şəkildə izah etməyə hazırlaşmır!" - müharibə tərəfdarı, ehtiyatda olan general-leytenant, Dövlət Dumasının deputatı Andrey Qurulyov öz "Telegram" kanalında belə yazıb. Sonra da həmkarı Vasili Piskaryovla birlikdə Baş prokuror İqor Krasnova məktub ünvanlayaraq məsələnin araşdırılmasını istəyib - necə olub ki, illərlə büdcədən pul ayrılıb, amma orduda heç nə yoxdur.





Bu suala cavab tapmaq üçün BBC "Ədalət məhkəməsi" informasiya sisteminin materiallarına müraciət edib.






Müharibə ərəfəsində baş verən oğurluqlar





Adının çəkilməsini istəməyən hərbi jurnalist, Rusiya Silahlı Qüvvələrinin keçmiş zabiti deyir ki, əmlak oğurlamağın bir çox üsulu var. Məsələn, saxta siyahılar hazırlayır və ya əşyaların kifləndiyini əsas gətirib reyestrdən silirlər.





"Daha bir məşhur üsul məsuliyyəti sizdən sonrakı məsul şəxsə yükləməkdir, mənim bir sinif yoldaşımı bu üsulla həbs etdilər. O, bölməyə gedib, sənədləri imzalayıb, sonra inventarlaşdırma başlayıb və çatışmazlıq aşkar olunub. Türməyə göndərdilər".





Orduda xırda oğurluqlar həmişə olub. Məsələn, Bryansk vilayətinin Klintsı şəhərindəki motoatıcı alayında 2021-ci ilin yayından xidmət etməyə başlamış Vladimir Morjakov və Yeqor Medvedyev öz bölmələrinin anbarından paltar oğurlayıblar.





Anbarın qapısı qıfıllıymış, amma qapının tayları arasındakı boşluq o qədər böyükmüş ki, onlardan birini əyməyə müvəffəq olublar. Morjakov bayırda keçik çəkib, Medvedyevsə içəri keçib və tezliklə qucağında iki papaq, bir cüt çəkmə, bir cüt idman ayaqqabısı, üç dəst alt paltarı və üstünə "Rusiya ordusu" yazılmış dörd ədəd idman gödəkçəsiylə geri qayıdıb. 2022-ci ilin martında - Rusiya artıq Ukraynaya hücum edəndən sonra həmin gödəkçələri poçtla qohumlarına göndəriblər. Amma çox keçmədən oğurluq etdikləri bilinib deyə zəng vurub onları geri göndərməyi xahiş ediblər.





Onlara da kiçik məbləğli cərimə cəzası kəsilib - "oğurluq" maddəsiylə.





Amma Bryansk vilayətində xidmət edən bu iki motoatıcınıın anbardan çıxardığı iki papaq və bir cüt gödəkçə "dünyanın ikinci ordusu"nda son illər baş vermiş oğurluqlarla müqayisədə heç nədir.





Altay diyarındakı motoatıcı hərbi hissələrdən birinin komandiri Yevgeni Medvedyev 2021-ci ilin payızında xidmətə yeni gəlmiş çağırışçılara (cəmi 106 nəfər) isti gödəkçə götürmək üçün anbara gedib, amma əsgərlərə onların ancaq yarısını paylayıb, qalan 50 gödəkçəni hissənin ərazisindən çıxararaq satıb. Buna görə Medvedyevə "mənimsəmə və ya israf" maddəsilə 200 min rubl məbləğində cərimə cəzası kəsilib.










Səfərbər edilənlər Rostovdakı hərbi hissənin yeməkxanasında - onları geyim və yeməklə təmin edə biliblər





Səfərbər edilənlər Rostovdakı hərbi hissənin yeməkxanasında - onları geyim və yeməklə təmin edə biliblər




Novosibirsk vilayətindəsə müttəhimlər kürsüsünə hansısa starşina yox, Ob şəhərindəki hava hücumundan müdafiə bölməsinin arxa cəbhə yemək və geyim xidmətinin rəisi əyləşib. Rusiya ordusu hələ Kiyev yaxınlığında olan günlərdə Novosibirsk Qarnizon Hərbi Məhkəməsi kapitan Vladimir Zaytsevlə geyim anbarının müdiri praporşik Aleksey Çuryukanovun onlara həvalə edilmiş əmlakı oğurlayaraq sistematik şəkildə satmaları faktını araşdırıb.





2019-cu il aprelin 17-də onlar bölmənin ərazisindən 60 ədəd yay səhra kostyumu, eyni sayda papaq, 50 dəst alt paltarı və 20 cüt ayaqqabı çıxarıblar. Mal o qədər çox olub ki, bunun üçün həmin bölmənin xidməti "KamAz"ından istifadə ediblər, maşını da elə həmin bölmənin əsgəri idarə edib.





Zaytsev və Çuryukanov anbardan təkcə uniforma və ayaqqabı yox, sap yumaqları, tualet kağızı, 50 min kağız zərf, faks kağızı, A4 vərəqləri üçün 36 min şəffaf "fayl" və maye sabun da oğurlayıblar. Onların satdıqları əmlakın ümumi dəyəri 1 milyon rubl təşkil edib, amma inventarlaşdırma zamanı anbarda 1,5 milyon rubl dəyərində çatışmazlıq aşkar olunub.





Corab, çəkmə və tualet kağızı satmaqda onlara Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbinin kapitanı Dmitri Nikitin də kömək edib - o, oğurluq mallar yüklənmiş "KamAz"ı "Sibir" kooperativindəki qarajına aparıb və orda mülki alıcılara satıb.





Məhkəmə hər üçünə cərimə cəzası kəsib.





Moskva vilayətindəki bölmələrdən birinin qida və geyim xidmətinin rəhbəri, kapitan Sergey Pudikov oğurluq əmlakı qaraja şəxsi pikapıyla daşıyıb. Hər dəfə maşınının arxasına bir neçə kisə əşya qoyan kapitan 2016-2018-ci illərdə bölmədən təxminən 80 kisə paltar və ayaqqabı çıxarıb.





Pudikov hərbi əmlakı birinci dəfə oğurlayanda (140 palto və 30 köynək) tabeliyindəki əsgər onları hara apardığını soruşub. Kapitan cavab verib ki, başqa ölçülərə dəyişib geri qaytaracaq. Saxlanılana qədərsə ona "Hələ uyğun ölçülər yoxdur" deyib. Çıxarılan və satılan əmlakın miqdarına görə Pudikova altı il həbs cəzası kəsilib, onu rütbəsindən də məhrum ediblər.





Əvvəlki illərdə baş verən oğurluqlar




Məhkəmə statistikası göstərir ki, son illər geyim anbarlarındakı israf və ya mənimsənmə halları üzrə cinayət işlərinin sayı sabit olaraq ildə 70-100 iş aralığındadır.





Geyim anbarlarındakı əşyalar elə 10 il əvvəl də beləcə yoxa çıxırmış.










Səfərbərliyə yaşı 40-dan çox olan şəxslər də cəlb edilir. Əvvəllər hərbi xidmətdə olanlar bəzi sahələr üzrə Rusiya ordusunda çox az şeyin dəyişdiyini görəcəklər





Səfərbərliyə yaşı 40-dan çox olan şəxslər də cəlb edilir. Əvvəllər hərbi xidmətdə olanlar bəzi sahələr üzrə Rusiya ordusunda çox az şeyin dəyişdiyini görəcəklər




2000-ci illərin sonunda Novosibirsk vilayətindəki hissələrin birində toxunulmaz ehtiyat anbarında yoxlama aparılıb. Məlum olub ki, təxminən 2000 idman çantası, 200 cüt çəkmə, 1200 yay kostyumu, 300 qazança və 100 su qabı çatışmır. Anbara praporşik Andrey Zorin cavabdeh idi, amma o, çiyinlərini çəkib malların harda olduğunu bilmədiyini deyib; bildirib ki, anbarı özü möhürləyib, qıfılı sındırma halları olmayıb, amma orda işləyən çağırışçı əsgərlərə pis nəzarət edib və yəqin ki, əşyaları anbardan onlar çıxarıblar.





2010-cu ildə məhkəmə Zorini "səhlənkarlıq"da təqsirli bilərək 30 min rubl (həmin dövrün məzənnəsiylə təxminən min dollar) məbləğində cərimələyib. O, hərbi xidməti tərk edəndən sonra mühafizəçi işləməyə başlayıb.





Abakandakı hərbi hissələrdən birinin geyim xidmətinin rəisi Dmitri Drozdovsa 2007-2009-cu illərdə nisbətən az oğurlayıb - öz şəxsi ehtiyacları üçün. Gah iki yataq kisəsi, gah bir cüt şalvar və ya çəkmə götürüb. Amma günlərin birində özünü saxlaya bilməyib, birdəfəyə bölmədən 45 cüt çəkmə çıxarıb. Onu 60 min rubl məbləğində cərimə ediblər.





2009-cu ildə - Uzaq Şərqdəki Sakit Okean Donanmasının geyim anbarlarından birinin ləğvi barədə qərar çıxarandan sonra həmin anbarın müdiri Aleksey Valevski saxta sənədlər tərtib edərək əmlakın bir hissəsini sadələşdirilmiş mühafizə rejimi tətbiq olunan başqa anbara daşıtdırıb, sonra tanışlarından biri 6 ay ərzində həmin malları şəxsi avtomobilinə yığaraq yavaş-yavaş ordan aparıb. Nəticədə 5 min alt köynəyi, 4 min cüt çəkmə, 2,5 min xəz əlcək oğurlanıb. Valevski məhkəmədə deyib ki, yuxarı vəzifəyə keçmək üçün belə edib və bu, rəhbərliyin də maraqlarına uyğun olub. Amma o, ad çəkməyib və 4,5 il müddətinə məskunlaşma koloniyasına göndərilib.





2015-2016-cı illərdə Ulyanovsk vilayətindəki hərbi hissələrindən birində yerləşən anbarda da bu cür genişmiqyaslı oğurluq halları baş verib. Ordan 2 min cüt tuman və bir o qədər də köynək, 13 min cüt corab, 200 yataq kisəsi çıxarılıb - hazırda səfərbərliyə cəlb edilənlərdən bunları öz hesablarına almaları xahiş olunur. Ordunun əmlakını daşımaq üçün "KamAz"lardan istifadə olunub, sənədlər saxtalaşdırılıb və əsgərlərə kağızlarda göstəriləndən az paltar verildiyi üçün hətta anbarda süni izafilik yaranıb.





İrkutsk vilayətindəki hərbi hava qüvvələri bölmələrindən birinin kapitanı İqor Çebotaryov da oğurluğu eyni üsulla gizlətməyə çalışıb, amma bir az da irəli gedərək siyahılara təkcə real yox, uydurma adların da daxil edilməsini tələb edib. Əşyalar anbardan bir neçə dəfəyə və "KamAz"la çıxarılıb. Məhkmədə kapitan hər maşına cəmi 15 kisə qoyulduğunu iddia edib, amma sürücü deyib ki, kuzov yuxarısına qədər dolu olub və hər dəfə hərbi hissədən 50-60 kisə çıxarılıb.





2014-cü ildə Çebotaryova həbs cəzası verilib.





Digər əmlakların oğurlanması




Rusiyada hərbi hissələrdən nəinki ayaqqabı və paltarlar, hətta qoruyucu vasitələr də yoxa çıxır.





Hazırda səfərbərliyə cəlb olunanlar Rusiya ordusunda çox defisit olan zirehli jiletləri özləri almağa məcburdurlar.





Nijni Novqorod vilayətindəki tank briqadasının serjantı İvan Andreev 2017-ci ildə bir bölmədən təxminən 50 jilet oğurlayıb. O, keçid məntəqəsində diqqət çəkməmək üçün tabeliyində olanlardan tələb edirmiş ki, jiletləri ya pəncərədən atsınlar, ya da xərəyə qoyub hərbi hissənin ərazisindən çıxarsınlar.










Səfərbərliyə cəlb edilənlərin qohumları cəbhə üçün lazım olan bir çox şeyi satın almalı olurlar





Səfərbərliyə cəlb edilənlərin qohumları cəbhə üçün lazım olan bir çox şeyi satın almalı olurlar




2018-ci ildə Buryatiyanın Kyaxta şəhərindəki motoatıcı bölmənin hissələrindən birində 20 zirehli jilet və eyni sayda zirehli dəbilqə yoxa çıxıb. Starşina Artem Akimov hissə komandirinə deyib ki, ucuz qiymətə jilet satan bir tanışı var. Komandir onun kartına 40 min rubl köçürüb, amma Akimov ya elə əvvəldən onu aldatmaq fikrində olub və pulu özünə saxlayıb, ya da tanışı jiletləri daha baha sata biləcəyini düşünüb deyə sövdələşmə baş tutmayıb. Bir müddət sonra bundan xəbər tutan komandir hərbi istintaq orqanlarına tabeliyindəki şəxsin dələduzluğundan şikayət edib.





Hərbçilər çox vacib əmlakları da oğurlayırlar.





Hətta hakimiyyətyönlü hərbi müxbirlər belə yanacaq-sürtkü materiallarının çox pis tədarük edildiyini yazırlar. Qeyd olunur ki, bir çox hallarda əsgərlər texnikanı məhz yanacağı olmadığına görə atıb gedirlər. Bu həm də ona görə baş verir ki, yanacaq və sürtkü yağlarının oğurlanması çox geniş yayılmış haldır.





Altay diyarındakı hissələrindən birinin baş logistika texniki Aleksey Kudelya 2019-cu ildə sistematik şəkildə yanacaq oğurluğuyla məşğu olub - QAZ markalı xidməti avtomobili vasitəsilə hər dəfə hissədən iki-üç çəllək dizel çıxarıb və nəticədə doğma ordusunu 2,5 min litr yanacaqdan məhrum edib. Satdığını satıb, satmadığını özünün şəhər kənarındakı sahəsində saxlayıb. Bundan başqa, o, iki min tona yaxın yulaf yemi və müxtəlif ehtiyat hissələri də oğurlayıb.





Tank bölmələrinin hərbi qulluqçuları arasında yanacaq oğurluğu olduqca çox yayılıb. Bu bölmələrin vəziyyətini monitorinq edən hərbi ekspert deyir ki, bəzi hissələrə tankların saxlanması və istismarı üçün ayrılmış pulun həmişə çox cüzi hissəsi verilib, qalanı generallara çatıb. "Aşağı səviyyələrdəkilər də həmin o cüzi məbləğdən oğurlayırdılar, qalan pul ancaq tankların rənglənməsinə xərclənirdi. Yanacaq-sürtkü materialları da oğurlandığı üçün onları illərlə yerlərindən tərpətmədilər. Onlar, nəhayət, tam yararsız vəziyyətə düşəndən sonra içərilərindəki qiymətli ləvazimatı da söküb götürməyə başladılar.Ona görə də heç təəccüblü deyil ki, Rusiya tankçıları hücum əməliyyatları keçirə bilmirlər".





Bu, məhkəmə qərarlarından da aydın görünür. 2020-ci ildə Buryatiyadakı bölmələrdən birinin anbar müdiri Sergey Novikov tabeliyində olanlara tapşırıb ki, "T-72" markalı 38 tankın tezlik stabilizatorlarını çıxarsınlar - təmirə göndərmək bəhanəsiylə. Sonra onları bir kisəyə dolduraraq bölmədən çıxarıb və hərəsini 200 min rubla satıb. Stabilizatorlardan birini hardasa itirməsəydi, gəliri bir az çox ola bilərdi.





Beləliklə, kuryer xidməti vasitəsilə stabilizatorlar Çelyabinskə - son alıcıya göndərilib, həmin şəxs isə onları Ermənistana satmağa cəhd edib, amma yükü sərhəddə saxlayıblar.










Rusiyanın ilhaq etdiyi Krımda da səfərbərlik başlayıb





Rusiyanın ilhaq etdiyi Krımda da səfərbərlik başlayıb




Voronej vilayətindəki döyüş teznikası bazasının komandiri Leonid Qoyxmansa hərbi texnikaya aid iki yeni mühərriki satmaq qərarına gəlib. Bunun üçün kifayət qədər hiyləgər bir sxem düşünüb: 2018-ci ilin sonunda təzələrin yerinə qoymaq üçün alıcı anbara iki köhnə mühərrik gətirib. Qoyxman ondan yarım milyon rubl alıb və 50 minini sövdələşmədən xəbərdar olan anbar müdirinə verib.





Hərçənd bunu başqa hərbçilər də biliblər, hətta onlardan biri köhnə mühərrikləri təmizləyib ki, lap da bərbad görünməsinlər. Anbara yoxlama gələndə isə Qoyxman tabeliyində olanları məcbur edib ki, müfəttişlər mühərriklər olan yerə keçə bilməsinlər deyə onların qabağına başqa əşyalar yığsınlar.





Amma müfəttişlər o küncə keçə bilmiş və həm komandir, həm də anbar müdiri cərimələnmişdilər. Məhkəmə onların döyüş təcrübəsi və medalları olduğunu nəzərə alıbmış.





Hərbçilərin iqtisadi maddələrlə mühakimə edilməsi




2014-cü ildən bəri - son səkkiz ildə Rusiya ordusunu müşayiət edən xəstəliklərdən biri də iqtisadi cinayətlərdir.





"Orduda oğurluq etmək hələ də çox asandır və bu, müxtəlif səviyyələrdə baş verir. Variantlardan biri evə bir-iki əşya aparmaq, digəri uniforma dolu kisələri "KamAz"a yükləyib çıxarmaqdır. Üçüncü variantda milyardlar oğurlanır" - adının açıqlanmasını istəməyən hərbi jurnalist, ehtiyatda olan zabit belə deyir.





Son səkkiz ildə hər il orta hesabla minə yaxın hərbçi (2018 və 2019-cu illərdə hər il iki mindən çox) oğurluqda ittiham olunub, bir çox hallarda onlar həmkarlarının mobil telefonlarını oğurlayıblar ("Ədalət məhkəməsi" Avtomatlaşdırılmış Dövlət Sisteminin məlumatı).





Dələduzluğa görə 12 mindən çox hərbçi cəzalandırılıb; komandirlər də daxil olmaqla, 700-dən çox müqaviləli hərbçi mənimsəmə maddəsiylə mühakimə edilib.





Hərbi jurnalsit deyir ki, problemlərdən biri orduda müasir uçot sistemlərinin, yəni anbar proqram təminatının olmamasıdır:





"Hətta yanacaq-sürtkü materiallarının da uçotu yoxdur, halbuki bunlarsız döyüşmək mümkün deyil. Hələ də hər şeyi dəftərə yazırlar, hissələrdəki dəftərlərdə yazılanla dairə komadanlığındakı dəftərlərə yazılanı tutuşdurmaqsa çətin işdir. Hamı şəffaflığın mümkün qədər az olmasında maraqlıdır, oğurluğa qarşı mübarizə aparılmır".





Məhkəmə statistikası bu korrupsiya aysberqinin, çox güman, yalnız görünən hissəsini əks etdirir.





Son illərdə Rusiya ordusunda aşkarlıq səviyyəsi durmadan aşağı düşüb və 2022-ci ilə qədər ordu tamamilə qapalı bir sistemə çevrilib - "Transparency International - Rusiya" təşkilatının (Rusiya Federasiyasında xarici agent elan olunub) baş direktoru İlya Şumanov belə deyir və əlavə edir ki, bu qurumda dövlət satınalmaları açıq deyil, gəlir bəyannamələri dərc edilmir, orduyla bağlı antikorrupsiya araşdırmalarına görəsə xarici agent elan edə və hətta dövlətə xəyanətdə ittiham edə bilərlər. Bütün hallarda məlumatların gizlədilməsini eyni arqumentlə - məxfiliklə əsaslandırırlar.





Şumanovun sözlərinə görə, nəticə etibarilə bütün bunlar ona gətirib çıxarır ki, oğurluq və korrupsiya davam edir və heç olmasa, azalmır da.





"Mən [səfərbərliyə cəb edilənlər üçün heç nə olmamasına] təəccüblənmirəm, çünki hər şey bərbad vəziyyətdə saxlanılırdı" - 10 il əvvəl səhlənkarlıq maddəsiylə cərimələnmiş Novosibirsk sakini gizir Andrey Zorin BBC-yə belə deyib. O, toxunulmaz ehtiyatlar anbarının müdiri olduğunu, ambardakı əmlakı saymadığını və özündən əvvəlkilərin oğurluqlarına görə cəzalandırıldığını bildirib.





"Təhvil-təslim ancaq sözdə olurdu. Məzuniyyətdəydim, orda [anbarda] nə baş verdiyini bilmirəm, sonra da - al gəldi, səhlənkarlığa görə cinayət işi! Təqaüd yaşıma 5 il qalmış işdən çıxarıldım. Evim də yoxdur, bomja çevrildim. Orduya getməyəcəm" - deyə, 44 yaşlı Zorin emosional şəkildə bildirib.





"Sizə çağırış vərəqəsi göndərilibmi?" - BBC-nin müxbiri ondan soruşub.





"Göndərsələr də, getməyəcəm. Mən ordudan incimişəm, nəyə görə xidmət etməliyəm, nəyə görə? Mən sizə xidmət edirdim, amma mənə quyu qazdılar".





Zorin orduya çağırılsa və getsə, Ukraynayla müharibəyə səfərbər edilənlərin vəziyyətinə düşə bilər - onlara nəinki zirehli jileti, indi artıq ayaqqabını da qohumları alır. Məsələn, "Vkontakte"-də onlardan birinin həyat yoldaşı şikayətlənib ki, "Çəkmə, forma, corab, tuman, bel çantası - bunlar bizə 30 min rubla başa gəldi. Dərmanlar və yemək də aldıq".





"Agentlik" nəşri öz "Telegram" kanalında Omsk yaxınlığındakı Çeryomuşki kəndindən çəkilmiş video paylaşıb. Həmin çəkilişdən görünür ki, havanın temperaturu sıfırdan aşağı olsa da, səfərbərliyə cəlb olunmuş şəxsləri uniformayla təmin etməyiblər və "burjuyka"yla isidilən işıqsız çadırlara yerləşdiriblər.





"Agentlik" Omsk vilayətindəki anqarlardan birində çəkilmiş fotoşəkil də paylaşıb. Nəşr iddia edir ki, səfərbərliyə cəlb olunanların bir hissəsi Hava-Dəniz Qüvvələrinin Svetlı kəndindəki 242-ci təlim mərkəzinə - 1000 nəfərlik anqarda yerləşdirilib; könüllülər onlara yataq kisələri və döşəklərdən tutmuş termal cihazlara və kvadrokopterlərə qədər lazım olan hər şeyi almaq üçün ianə kampaniyası başladıblar.





Daha əvvəl "DXR" və "LXR"-də də eyni vəziyyət yaranıb - səfərbərliyə cəlb olunanlara paltar və ayaqqabıdan tutumuş gecəgörmə cihazlarına qədər hər şeyi qohumları alıblar.





"Biz vətən üçün oğurlayırıq" - "DXR"-ın "Xalq milisi"nin nümayəndəsi Eduard Basurin bir neçə gün əvvəl "Rossiya" kanalının efirində belə deyib - yəqin ki, vətən uğrunda "vuruşuruq" demək istəyib.