Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kadırov özündən çıxdı: “Putinə kömək lazım olanda niyə susursunuz?“

KTMT-yə (Kollektiv Təhlikəsizlik Müqaviləsi Təşkilatı) üzv olan dövlətlər Ukraynadakı vəziyyətlə bağlı öz mövqelərini bəyan etməlidirlər.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında video müraciətində deyib.

“Məncə, KTMT təşkilatıdır. Bu təşkilatın Rusiyaya heç bir faydası yoxdur və Rusiya hamıya kömək edir. Bütün Avropa liderləri Putinin yanına gəlir, telefonla danışıqlar aparır, Ukraynanın maraqlarını qoruyur. Bəs bizim KTMT üzvləri, siz niyə susursunuz, qonşularınızdan danışmırsınız? Niyə müharibəni bitirməyə çalışmırsınız? Niyə bizim əcdadlarımızı öldürən banderalara, nasistlərə qarşı mövqeləriniz yoxdur?”, deyə Kadırov vurğulayıb.

Çeçenistan rəhbərinin fikrincə, KTMT ölkələrinin susması ABŞ və Aİ-nin sanksiyaları qorxusu ilə izah olunur, lakin Qərb “onlara lazım olanda, istəsən də, istəməsən də” məhdudiyyətlər tətbiq edəcək.

Kadırov keçmiş sovet respublikalarının liderlərini birləşməyə və “öz sözünü deməyə” çağırıb və buna görə KTMT üzvlərinə heç nə olmayacağına inamını da ifadə edib.

O, həmçinin, təşkilata üzv ölkələrə Rusiya amilini xatırladıb:

“Ermənistanla Azərbaycan arasında müharibə olanda Putin əsas rol oynayıb. Qazaxıstan suverenliyini itirmə təhlükəsi ilə üzləşəndə kim kömək etdi? - Əlbəttə Rusiya”. Ancaq Rusiyaya kömək lazım olanda, hamınız susursunuz, sanksiyadan qorxursunuz. Biz döyüşməyi bacarırıq. Biz bu gün, sabah, birigün Luqansk və Donetsk “respublikaları”nda yaxşı nəticələri sizə göstərəcəyik. Və ardı da gələcək. Biz öz dövlətimizi qoruyacağıq...”.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev respublikasının çətin ki , Donetsk və Luqansk “xalq respublikalarının” müstəqilliyini tanıyacağını deyib. Onun sözlərinə görə, xalqların öz müqəddəratını təyinetmə hüququ reallaşarsa, Yer kürəsində 193 dövlət əvəzinə 500-600 dövlət yarana bilər.

Bir çox siyasi icmalçılar tərəfindən Kadırovun sözügedən çıxışı Tokayevə cavab kimi qiymətləndirilib.